Azərbaycan bazarında Türkiyə məhsulları ucuzlaşacaq-ÖZƏL

1 İyul 2013 18:56 (UTC+04:00)

Hüseyn Hüseynov: "Ixracatçılar əvvəlki qiymətlə daha çox məhsul əldə etmiş olacaqlar"


Türkiyədə baş verən məlum etiraz aksiyaları büu ölkənin milli valyutasının digər ölkələr, o cümlədən Azərbaycan manatı ilə müqayisədə məzənnəsinin də aşağı düşməsinə səbəb olub. Bunun Azərbaycan və Türkiyə arasında ticarət dövriəəsinə hansı formada təsir göstərəcəyi xüsusi müzakirə mövzusuna çevrilib. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov Mövqe.az-a açıqlamasında qeyd edir: " Türk lirəsinin dollara nisbətən məzənnəsində azalma müşahidə olunub. Bu da dolların möhkəmlənməsi ilə əlaqəlidir. Bu ilin mart ayında 1 dollar almaq lazım 1,7 lirə ödəmək lazım gəlirdisə, hazırda 1 dollar almaq üçün 1, 96 lirə ödəmək lazım gəlir. Yalnız son 3 ayda lirənin məzənnəsinin dollara nisbətən aşağı düşməsində ciddi sürətlənmə müşahidə edilir. Qeyd edim ki, lirə dollarla müqayisədə məzənnəsini 10% itirib. Bu bir növ siyasi faktorlarla da bağlıdır. Türkiyədə baş verən hadisələrlə, gərginlik iqtisadi sektora təsir edib. Buna görə də lirə aşağı düşüb. 

Azərbaycan üçün lirənin məzənnəsinin dollara nisbətən  azalması, lirənin məzənnəsinin manata nisbətən də azalması deməkdir. Ölkəmiz üçün lirənin məzənnəsinin azalması birmənalı şəkildə Türkiyədən Azərbaycana gətirilən malların həcminin artımına gətirib çıxara bilər. Bu zaman Türkiyədən Azərbaycana idxal olunan həmin malların qiymətinin aşağı düşməsi  görünəcək. Daxili bazarda isə Türkiyədə istehsal olunan məhsulların meyvə,meyvə şirələrinin  tərəvəzin, geyimin  qiymətinin aşağı olması özünü göstərəcək.  Azərbaycan üçün Türkiyə lirəsinin zəifləməsi ölkəmizin Türkiyəyə ixrac imkanlarını xeyli məhdudlaşdırır. Bu halda artıqAzərbaycanda istehsal olunan məhsullar Türkiyə bazarında daha baha olur və orada rəqabət aparma imkanları zəif olur. Məhz bu səbəblərdən Türkiyənin Azərbaycana idxalının artmasına və o cümlədən Azərbaycanın Türkiyəyə ixracatın azalmasına gətirib çıxaracaqdır".

İqtisadçı ekspert Hüseyn Hüseynov isə qeyd edir: "Cari ilin may ayından etibarən qonşu ölkələrimizdən biri olan və eyni zamanda böyük ticarət əlaqələrimiz olduğu Türkiyə Respublikasında dollarla lirənin nisbətinin əhəmiyyətli dərəcədə dəyişdiyini müşahidə etmək olar. Başqa sözlə desək, dollara nisbətdə lirənin alıcılıq qabiliyyətinin aşağı düşməsi müşahidə olunur. Bu proses hal-hazırda da davam edir və iyun ayının statisikasına baxsaq, 1 dolların artıq 1.90 lirəyə çatdığını görmək olar və bu da təxmini dollarla lirə arasında 2 dəfə fərqin olduğu deməkdir. Beynəlxalq təcrübəyə nəzər salsaq, milli valyutanın dəyərdən düşməsinin bir sıra fəsadları olduğunu, burada xüsusilə maliyyə bazarlarında qiymətli kağızların dəyərinə, ölkədəki investisiya mühitinə, milli valyuta ilə alqı-satqı proseslərinə və s. ciddi təsirini qeyd etmək olar. Türkiyənin sənayesinin böyük hissəsini tekstil sənayesi olduğunu nəzərə alsaq, valyuta məzənnəsində olan dəyişikliklərin bu sahəyə təsiri qaçılmazdır. Lakin ölkəyə idxal olunan mallarda bahalaşma müşahidə olunsa da, ixrac olunan məhsullarda vəziyyət fərqlidir. Respublikamızın tekstil, tikinti aksessuarları, qida məhsulları və s. bazarında türk məhsullarının payının böyük olması da hamıya məlumdur. Lakin qiymətlər bəzən həmin ölkədəki qiymətlərlə müqayisədə daha bahadır və bunun da təbii ki, obyektiv səbəbləri mövcuddur, yəni burada daşınma xərcləri, gömrük rüsumları və s. öz sözünü deyir.  Dollar və lirənin nisbətində yaranan ciddi fərqlər nəinki Azərbaycana gətirilən, hətta Türkiyədən digər ölkələrə ixrac olunan məhsullara də təsirsiz ötüşməyəcək. Belə ki, ixracatçılar əvvəlki qiymətlə daha çox məhsul əldə etmiş olacaqlar. Lakin bu tendenisiya daxili bazar üçün eyni deyil. Bundan əlavə qeyd etmək lazımdır ki, respublikamiza gətirilən türk mallarında ucuzlaşma qısamüddətli dövr üçün xarakterik ola bilər".