Paytaxtın birinci zonasında torpaq qıtlığı yaranır

2 İyul 2013 08:42 (UTC+04:00)

Mövsümlə bağlı olan olaraq torpağın qiymətində ciddi artımlar müşahidə olunmaqdadır. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən verilən məlumata görə, 2013-cü ilin may ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlər artıb. 1 sot torpağın orta qiyməti 15 931 dollardan 16 104 dollara yüksəlib.

Ən bahalı torpaq sahəsinin sotu 250 000 manat (Nərimanov rayonu, Atatürk prospekti) olub. İlkin mənzil bazarına gəlincə, yeni tikililərdə bir kvadratmetr üzrə orta qiymət göstəricisi apreldəki 864,3 manata qarşı 1,0% artaraq 873,2 manat təşkil edib. Bakının avtomobil bazarında isə orta qiymət 16 200 manat olub.

Beləliklə, yay mövsümünün gəlməsi özünü əmlak bazarında qiymətlərin bahalaşması ilə göstərdi. Qeyd olunduğu kimi qiymət artımı daha çox torpaq bazarında müşahidə olunub. Bazarda gedən proseslər bu qiymət artımının davamlı olacağını deməyə əsas verir. Proqnozlara görə, bahalaşma 3 il müddətinə qədər davam edə bilər. Bundan başqa il ərzində torpağın bahalaşması 6-8 faiz həddində olacağı gözlənilir. Ancaq digər tərəfdən də qiymət artımını mövsümi amillərlə əlaqələndirmək olar. Torpağın bahalaşması 2-ci və 4-cü zonalarda daha çox müşahidə olunur. Bahalaşmanın səbəbinə gəldikdə, qiymət artımının bir səbəbi xarici faktorlarla bağlıdır. Torpağın bahalaşması tək Azərbaycanda deyil, ətraf regionlarda da baş verir. Daxili faktora gəldikdə isə bu da əhalinin gəlirlərinin artması ilə bağlıdır. Yəni əhali mənzil şəraitini yaxşılaşdırmaq üçün fərdi evlər tikməyə maraq göstərir, bununla əlaqədar torpaq sahələri alırlar. Nəticədə də torpaq bazarında bahalaşma müşahidə olunur.

Tikintinin tempində aktivlik müşahidə ediliməsi də bahalaşmaya təsir edir. Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə, dövlət tərəfindən sosial və mədəni obyektlərin tikintisinə daha çox rast gəlinib. Regionların sosial-iqtisadi inkişaf proqramı və Bakı şəhərində həyata keçirilən tədbirlər planı ilə bağlı bu tendensiya daha da dərinləşməkdə, infrastruktur tikintisinin coğrafiyası daha da genişlənməkdə davam edib. Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması hesabına mərkəzdən kənar ərazilərdə tələb artıb və bu da qiymətlərin artımına təsir edib. Son dövrlər paytaxtda mənzil söküntüsünün aparılması, şəhərsalma ilə bağlı tədbirlərin həyata keçirilməsi, şəhərdaxili köhnə yaşayış massivlərinin söküntüsü hesabına fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələbi artırdığından qiymətlərin artımı müşahidə olunmağa başlayıb.

Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin artmasına səbəb olub. O da məlumdur ki, torpaq tükənən sərvətdir. Bu baxımdan da torpağın qiyməti artıma doğru gedir. Ümumiyyətlə, bazarın digər seqmentlərində də müşahidə olunan artımlar torpaq bazarına da təsirsiz ötüşə bilməzdi. Məhz bu səbəblərdən də qiymət artımı müşahidə edilir. Torpağın qiymətindəki əsas artım 4-cü zonanın üzərinə düşür. 4-cü zonada torpaq alqı-satqısı intensevlik təşkil edir. 1-ci zonada isə torpaq artıq tükənmək üzrədir, satışda olan torpaq sahələri azlıq təşkil edir. 4-cü zona dedikdə paytaxtdan kənar ərazilər nəzərdə tutulur. Bazarda baş verən aktivlik, həmçinin mövsüm uyğunluğu, tikintidə baş verən canlanma torpağın qiymət artımına səbəb olub. Torpağın qiymət artımında mövsümi amillər də əsas faktordur. Qiymət artımının nə vaxta kimi davam etməsini demək mümkün deyil. Bu insanların maliyyə tələbatları ilə birbaşa əlaqəli məsələdir. Nə qədər ki, bazarda canlanma var, bu, torpağın qiymətinin qalxmasına təsir edir. Ancaq böhran və ya iqtisadi tənəzzül baş verərsə, o zaman torpağın qiyməti aşağı düşə bilər. Hələlik bizdə elə bir hallar müşahidə olunmur. Ona görə də torpağın qiymətinin aşağı düşməsi qeyri-real görsənir. Onu da qeyd edək ki, aparılan araşdırmalar nəticəsində qış aylarında qiymətlərin düşməsini demək olmasa da, stabil qalacağını, artıma meyilli olmayacağını demək olar.