Müəllimliyə namizədlərin nitq qabiliyyəti və tibbi-psixoloji durumu yoxlanacaq

2 İyul 2013 15:43 (UTC+04:00)

Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində müəyyən dəyişiklik edilib.


Mövqe.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib ki, ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi yalnız müsahibə şəklində aparılırdı və müəyyən sorğu verilirdi.

 

Onun sözlərinə görə, bu il edilən dəyişikliyə əsasən, müsahibə mərhələsində qiymətləndirmə də aparılacaq. Bu prosesin 2 formada həyata keçiriləcəyini deyən nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq hər bir namizədin nitq qabiliyyəti və tibbi-psixoloji durumu "Uyğun"dur və ya "Uyğun deyil" qeydləri ilə qiymətləndiriləcək: "Bundan sonra onların şəxsi keyfiyyətləri, peşə kompetensiyaları, eyni zamanda ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndiriləcək. Ümumi bu 3 mərhələnin nəticəsinə əsasən uyğun olan namizədlərin siyahısı təsdiq ediləcək və nazirliyin internet saytında elan olunacaq".

 

F.Qədirov qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 3 mərhələdə keçirilir. Onun sözlərinə görə, bunlara elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsi daxildir: "Birinci mərhələdə namizədlərin elektron ərizələrdəki göstəriciləri qiymətləndiriləcək. İxtisas uyğunluğu olmayan ərizələr ləğv ediləcək, sonra isə uyğun namizədləri imtahanlara buraxacaqlar. İyulun 21-23 tarixlərində elektron ərizə ilə müraciət etmiş hər bir namizəd "Şəxsi səhifəsi"ndə imtahanın vaxtı və yeri barədə məlumat əldə edəcək. İmtahanda iştirak edən hər bir namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, metodika və təlim strategiyalarına aid 5 test, məntiq vəümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur. Onlar imtahan başa çatan kimi öz nəticələrini görərək imtahan otağını tərk edəcəklər və onların "Şəxsi səhifəsi"nə bu barədə məlumat göndəriləcək. Sonradan onlar müsahibə mərhələsinə nə vaxt gəlmələri barədə məlumatı əldə edə biləcəklər. Müsahibə mərhələsindən də müsabiqənin yekun nəticələrinə əsasən işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar göndərişlə aidiyyəti üzrə təhsili idarəetmə orqanlarına, nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə göndərilir".

 

Təhsil Nazirliyinin şöbə müdiri qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə yekunlaşdıqdan sonra kifayət qədər bal toplayan, lakin işə qəbul edilməyən namizədlərin siyahısı təsdiq ediləcək. Onun sözlərinə görə, növbəti tədris ili ərzində yaranmış vakant yerlər iki dəfə elan ediləcək və təsdiq olunmuş siyahılarda adları olan namizədlər elektron seçim edərək həmin yerlərdən birini seçə biləcəklər: "Yəni tədris ili ərzində müəllimə ehtiyac yarandıqda, müəllim kənardan qəbul edilməyəcək, müsabiqədə iştirak edərək kifayət qədər bal toplayan, lakin istədiyi vakant yer olmadığına görə işə qəbul olunmamış müəllimlərin elektron formada həmin yerləri seçmək imkanı yaranacaq. Beləliklə, kadr təminatını daha yaxşı, sistemli şəkildə həyata keçirmək imkanları əldə edəcəyik".