Opera və Balet Teatrının simfonik orkestri Almaniyada keçiriləcək festivalda iştirak edəcək

2 İyul 2013 16:33 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Avropanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan Qut-İmmlinq Opera sənəti festivalının baş direktoru cənab Lüdviq Baumandan Teatrın simfonik orkestrinin bu festivalda iştirak etməsi ilə bağlı dəvət alıb. Opera və Balet Teatrının Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, orkestr bu festivalda artıq altıncı dəfə iştirak edəcək. Musiqiçilərimiz ötən illərdə yüksək professional ifaları ilə alman tamaşaçıların rəğbətini qazanıb, Almaniyanın KİV və musiqi tənqidçiləri tərəfindən onların çıxışlarına yüksək qiymət verilib.


Orkestrin səfəri avqustun 7-dən 12-nə kimi olan müddətdə baş tutacaqdır. 60 nəfərlik heyət avqustun 11-də festivalın "Qrand final" adlanan Qala-konsertində iştirak edəcək. Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları - Üz.Hacıbəyli, Q.Qarayev və F.Əmirovun da əsərləri səslənəcək.


Ənənə üzrə hər il yay aylarında keçirilən Qut-İmmlinq opera festivalında bu il Avropa, ABŞ, Latın Amerikası, Yaponiya, ümumilikdə 36 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, dirijor və rejissorlar iştirak edəcəklər. Festival çərçivəsində keçirilən tamaşa və konsertlər bir qayda olaraq anşlaqla baş tutur, Almaniya və Avropanın televiziya kanalları və KİV-də geniş işıqlandırılır.


Final konsertində orkestri Teatrın baş dirijoru, Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov və Qut-İmmlinq festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcəklər. Opera və Balet Teatrının festivalda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaq.


Simfonik orkestrin Avropanın ən möhtşəm musiqi bayramlarından biri olan Qut-İmmlinq festivalında iştirakı Azərbaycan akademik sənətinin böyük uğuru olub, simfonik orkestrinin yüksək professional səviyyəsinin parlaq təcəssümüdür.