Gəncənin 4000 illik yubileyi qeyd olunacaq

2 İyul 2013 16:48 (UTC+04:00)

Azərbaycanın, eyni zamanda dünyanın ən qədim şəhərlərindən olan Gəncə 4000 illik yubileyini qeyd etməyə hazırlaşır.


Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bununla bağlı Təşkilat Komitəsinin növbəti yığıncağında yubiley tədbirlərinin sentyabr ayında keçirilməsi qərara alınıb.


Yığıncaqda UNESCO-nun baş direktoru İrina Bokovanın Azərbaycana təbrik məktubu oxunub. Baş direktor məktubda Gəncənin təməlinin qoyulmasının 4000 illiyi münasibətilə öz arzu və istəklərini bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 5 dəfə yeri dəyişdirilən Gəncənin ən qədim mədəniyyət mərkəzlərindən olduğunu bildirib. Vəliyev yubiley tədbirlərinin keçirilməsi ilə bağlı Fransa, İtaliya və digər xarici ölkələrdə keçirdiyi beynəlxalq görüşlərdən danışıb.

Tədbirdə bildirilib ki, şairlərin, filosofların, alimlərin məkanı olan bu qədim diyar dünya mədəniyyətinə Nizami, Məhsəti kimi dahilər bəxş edib. Qeyd olunub ki, Gəncə qədim mədəniyyət mərkəzi olmaqla yanaşı bəşər tarixində xüsusi rolu olan bir şəhərdir. Gəncənin 4000 illik tarixi ABŞ, İngiltərə və digər ölkələrin arxeoloq alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində də təsdiq olunub. Hazırda Gəncədə Nizami Gəncəvi muzeyinin, Məhsəti və Nizami mərkəzlərinin tikintiləri davam etdirilir.

Gəncənin dünyanın ən qədim şəhərləri ilə qardaşlaşması layihəsi də yığıncaq iştirakçıları tərəfindən bəyənilib. Görüşdə yubileylə bağlı qarşıda duran vəzifələr də geniş müzakirə olunub.