“Gənclərin intellektual yaradıcılıq festivalı” keçirilib

2 İyul 2013 17:29 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi tərəfindən Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Gənclərin intellektual yaradıcılıq festivalı" keçirilib.


Mövqe.az-ın məlumatına görə, festivalın əsas məqsədi Azərbaycanın milli qəhrəmanlarını gənclərə tanıtmaq və gənclərin intellektual yaradıcılıq imkanlarını üzə çıxarmaqdan ibarət olub.


Bu istiqamətdə ilk dəfə keçirilən festivalda Lənkəran-Astara zonası üzrə 9 şəhər və rayonun gəncləri iştirak ediblər. Festivaldan öncə tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Məktəb-lisey kompleksinin önündə ucaldılmış abidəsini ziyarət edib və milli qəhrəmana həsr olunmuş fotosərgi ilə tanış olublar. Həmin məktəbdə də tədbirin açılışı olub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər əsasən qəhrəmanlıq, vətənpərvərlik, ordu quruculuğu və müstəqil dövlətçiliyimizlə bağlı fikirlərini bildiriblər. Tədbir çərçivəsində rəsm və şeir müsabiqəsi, "Breyn-rinq" intellektual oyunu üzrə zona birinciliyi keçirilib. Münsiflər heyətinin qərarına əsasən rəsm müsabiqəsi üzrə I yerə Yardımlı rayonundan Rəşad Mirzəyev, II yerə Neftçala rayonundan Şamxal Umudov, III yerə isə Lerik rayonundan Altun Rəcəbli layiq görülüblər.


Festival çərçivəsində keçirilən şeir müsabiqəsində isə I yeri Salyan rayonundan Mirhəsən Abdullayev, II yeri Biləsuvar rayonundan Zəhra Əliyeva, III yeri isə Neftçala rayonundan Lumu İmanova tutublar.


"Breyn-rinq" intellektual oyunu üzrə zona birinciliyinin qalibi Biləsuvar rayonunun gənc intellektualları olub. Masallı rayonunun və Lənkəran şəhərinin komandaları isə müvafiq olaraq II və III yerləri bölüşdürüblər.