LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

11 Mart 2020 08:31 (UTC+04:00)

Azərbaycanda sərbəst bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olmasını şərtləndirən mühüm amillərdən biri də əmlak bazarının sürətlə inkişaf etməsi, habelə bu sahə ilə bağlı hüquqların müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsində innovativ yeniliklərin geniş tətbiqidir. Son illər həyata keçirilən islahatlar Azərbaycanda əmlakın qeydiyyatı və bununla bağlı hüquqların qorunması sahəsində lider dövlətə çevirib.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının son illər tərtib etdiyi ənənəvi illik «Doing Business» hesabatlarına əsasən, Azərbaycan əmlakın qeydiyyatı sisteminin səmərəliliyinə görə dünyada ilk yerlərdən birini tutur. Tərtib edilən hesabatlarda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinin azlığına görə dünyanın və MDB-nin əksər ölkələrini qabaqlayır.
Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. Bu göstəriciyə görə, ölkəmiz ABŞ, Almaniya, Finlandiya, İsveçrə, Hollandiya, Yaponiya və İspaniya kimi inkişaf etmiş ölkələri, o cümlədən qonşu Türkiyəni qabaqlayır. Ölkəmizdə qeydiyyat müddəti cəmi 8,5 gün davam etdiyi halda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 21,8 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 22 gün təşkil edir. Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 3 dəfə daha sürətlidir.
Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də, dünya və Avropa ölkələrinin əksəriyətini qabaqlayır. Azərbaycanda  əmlakın qeydiyyatı üçün tələb olunan məbləğ əmlakın dəyərinin cəmi 0,2 faizini təşkil edir. Qeyd edək ki, İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2 faizi qədər, Avropa və Mərkəzi Asya regionu üçün isə 2,6 faiztəşkil edir.
Şübhəsiz, Azərbaycanın əldə etdiyi yüksək göstəricilər son illər ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi və müasir standartlara çatdırılması sahəsində görülən işlərin nəticəsidir. Bu sahədə elektron xidmətlərin, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi əmlakın qeydiyyatını sadələşdirib və onu əhalinin bütün təbəqələri üçün əlçatan edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” sisteminin tətbiqi də bu sahədə şəffaflıq və operativliyi kifayət dərəcədə artırıb. Bu sahədə İKT-nin və «Elektron Hökumət»in imkanlarından səmərəli istifadə nəticəsində əmlakın qeydiyyatı prosedurları və tələb olunan müddət, eləcə də, sərf edilən qeydiyyat xərcləri kəskin azalıb.
Ümumiyyətlə, ölkə başçısının siyasi iradəsi ilə son illər dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində islahatlar həyata keçirilir. Hələ 18 mart 2009-cu il tarixdə keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində edilmiş dəyişikliyin əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Orada göstərilir ki, heç kim məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Ölkə başçısının 2014-cü il 3 mart tarixli «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanında bir sıra məsələlərlə yanaşı, əmlak hüquqlarının qeydiyyatı prosesində islahatların davam etdirilməsi, daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması ilə bağlı təkliflərin hazırlanması məsələsi əksini tapmışdı. Fərmanda nəzərdə tutulan məsələlər ölkəmizdə daşınmaz əmlakın qeydiyyatının daha da asanlaşdırılmasına, sahibkarların əmlak hüquqlarının etibarlı qorunmasına yeni təkan verib.
Bu sahədə həyata keçirilən islahatların başlıca hədəfi şəffaflığı, səmərəli əmlak idarəçiliyini, sosial məmnunluğu və yüksək xidmət keyfiyyətini təmin etməkdir. Bütün bunlara nail olmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsi hələ 2012-ci ildən əmlak hüquqlarının qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinə başlayıb. Hazırda Komitə tərəfindən göstərilən 30-a yaxın elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir.
Şəffaflığın və səmərəliliyin daha da yüksəldilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi son illərdə elektron xidmətlərin tətbiqini daha da genişləndirib. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qaydada qəbulu; icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi; mülkiyyətə dair çıxarışın hazırolma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi; kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlərin tətbiqi reallaşdırılıb.
2014-cü ildən başlayaraq daşınmaz əmlakın qeydiyyatının real vaxt rejimində həyata keçirilməsi də inqilabi yeniliklərdən biri hesab olunur. Mart ayından etibarən daşınmaz əmlaka dair yüklülük arayışlarının («Forma-1») notariuslara real vaxt rejimində - onlayn verilməsi həyata keçirilir. İqtisadçı ekspertlərin fikrincə, bu yenilik korrupsiyaya qarşı mübarizə tədbirlərinin mühüm tərkib hissəsi kimi məmur-vətəndaş-sahibkar ünsiyyətinin aradan qaldırılmasına, vaxta qənaət olunmasına, vətəndaş məmnunluğuna səbəb olub.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında Fərmana əsasən daşınmaz əmlaka dair çıxarışlar 2019-cu ilin aprel ayından yalnız elektron qaydada verilir və kağız çıxarış dövrünə son qoyulub. Aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1, 3, 7 və 10 iş günündə yalnız elektron qaydada hazırlanır və  Elektron çıxarışlar Elektron Hökumət Portalına yerləşdirilir. Bu yenilik hüquq sahibinə çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etmək imkanı yaradır. Daha sonra həmin çıxarış vətəndaşın "Elektron hökumət" portalındakı şəxsi kabinetinə yerləşdirilir.
Qanuna edilmiş dəyişikliyin əsas məqsədi daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-sahibkar-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır. Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin "Elektron çıxarışını yoxla" xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur.
Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı risklər aradan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir. Elektron çıxarışın tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirir. Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı əməliyyatından sonra əmlaka dair çıxarış yeni sahibin Elektron Hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.
Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır. Elektron çıxarışın tətbiqi vətəndaşların qeydiyyata olan marağını artırmaqla ölkədə leqal əmlakların sayını artırır.
Daşınmaz əmlakın qeydiyyatı prosedurlarının sadələşdirilməsində məqsəd həm də dövlət əmlakının idarəedilməsinin səmərəliliyinin artırılması, özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, regionların inkişafının təmini üçün özəlləşdirilən istehsal və emal yönümlü dövlət müəssisələrinin fəaliyyətinin bərpası, yeni iş yerlərinin açılmasıdır.

Samir Mustafayev