Reklamsız qalan film və teatr tamaşaları

3 İyul 2013 17:27 (UTC+04:00)

SalamMəmmədəliyev: "Azərbaycanda piar, reklam işinə maraq çox azdır"

Qərb ölkələrində tamaşaçıları kinoklublara, teatrlara çəkən əsas amillərdən biri heç şübhəsiz ki, yaxşı reklamdır. Bu reklam hesabına prokatlarda da filmlərin yaxşı gəlir  gətirdiyi birmənal həqiqətdir. Lakin nədənsə analoji təcrübədən ölkəmizdə demək olar ki, istifadə edilmir. Rejissor OqtayƏliyev Mövqe.az-a açıqlamasında bununla bağlı bildirir: "Bu gün serialların reklamı çox yaxşıdır. Hansı kanal ki, həmin serialı çəkir, elə özü də o serialın reklamını yetərincə edir. Bütün kanallar kommersiya xarakteri daşıyır. Kino sahəsində isə kinoteatrda hər hansı bir filimin verilməsi zamanı afişası olur. Filmin anonsunun yerləşdirilməsi üçün kinoteatrlar pul ödəməlidirlər. Ancaq bütün bunlara baxmayaraq, kanalların əksəriyyəti film və kinoların reklamını pulsuz-parasız edir. Sadəcə bu reklamları həmin telekanallara vermək lazımdır. Ən əsas məsələ isə kinoteatrlarda Azərbaycan filmlərinin getməməsidir. Hansı kinoteatrda öz filmlərimiz gedir ki?! Tamaşalar barədə danışa bilərəm. Televiziya kanallarında hərdən Musiqili Komediya Teatrının anonsları gedir. Bu proses necə olur? Deməli, televiziya kanalı həmin tamaşanın pulsuz reklamını o zaman verir ki, teatr rəhbərliyi tərəfindən onlara çəkiliş aparılması üçün  icazə verilsin. Teatrların menecerleri, produserləri reklam işi ilə məşğul olmalı və tamaşaçı qazanmalıdırlar. Onlar özləri bunlaı etmirsə, kanallarda günah yoxdur. Kukla Teatrı, Rus Dram və digər teatrlar ümumiyyətlə, belə reklam etmirlər. Hətta Rus Dram Teatrından bildirirlər ki, bizə reklam lazım deyil, bizim yeterincə tamaşaçımız var. Mart aylarında kino günləri keçirilən zaman kifayət qədər kinoların reklamı getdi. Sadəcə, bunun üçün hərəkət etmək, tənbəllik etməmək lazımdır".

İctimai Televiziyadaçalışan rejissor Salam Məmmədəliyev isə bildirir: "Əslində, bu çok aktual və geniş mövzudur. Ancaq qısaca olaraq fikrimi bilmək istəsəz, onu deyə bilərəm ki, Azərbaycanda piar, reklam işinə maraq çox azdır. Yəni film çəkən, tamaşa quran insanların əksəriyyəti düşünür ki, buna ehtiyac yoxdur. Bundan əlavə bilmək lazımdır ki, yaxşı piar yaxşı maliyyə deməkdir. Bizim camaat isə reklama pul xərcləməyi xoşlamır. Düşünürlər ki, reklama gedən pul havaya sovrulur. Əslində isə, bu heç belə deyil. Uğurlu iş üçün yaxşı reklam olunmaq lazımdır. Bu zaman film də seviləcək, zal da dolacaq, tamaşaçı da gələcək, istənilən uğur da əldə olunacaq".