Kişi hansı halda arvadından boşana bilməz?
4 İyul 2013 11:30 (UTC+04:00)
Rəsmi statistika Azərbaycanda boşanmaların sayının
artmasından xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatına
görə, 2012-ci ildə ölkədə 79,3 min nikah qeydə alınıb. Bu, 2011-ci
illə müqayisədə 8,8 faiz azdır. Ötən il 11 min boşanma faktı qeydə
alınıb ki, bu da 2011-ci illə müqayisədə 0,3 faiz çoxdur. Bu isə
ailənin dəyərli hesab olunduğu ölkəmiz üçün böyük
göstəricidir.
Azərbaycandan fərqli olaraq bəzi ölkələrdə boşanma
proseduru daha mürəkkəbdir. Yəni tərəflər istədikləri zaman boşana
bilməzlər. Bunun üçün müəyyən zaman gözləməyə
məcburdular.
İtaliyada boşanmaq istəyənlər ərizə verdikdən
sonra 3 il, Almaniyada 3 ilə qədər zaman keçəndən sonra boşana
bilər. Fransada tərəflərdən biri boşanmaya razı deyilsə, 6 il ayrı
yaşamalıdırlar, yalnız bundan sonra boşanmaları mümkündür.
Argentina, Kolumbiya və İrlandiyada isə boşanmaya yalnız xüsusi
hallarda icazə verilir.
Bəs Azərbaycanda ər-arvad boşanmaq üçün nə qədər
gözləməlidir? Nikaha xitam verilməsinin əsasları və prosedurları
necədir?
Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM)
hüquq şirkətinin hüquq məsləhətçisi Fərhad Nəcəfov mətbuata
açıqlamasında bildirib ki, Ailə Məcəlləsi nikaha xitam verilməsinin
iki əsasını müəyyən edib.
Bunlardan biri ərin (arvadın) ölməsi, yaxud
məhkəmə qaydasında ölmüş elan edilməsidir. İkinci əsas isə onlardan
birinin və ya hər iksinin ərizəsi, eləcə də məhkəmə qaydasında
fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın)
qəyyumunun ərizəsidir.
Nəcəfov qeyd edib ki, qanunvericilik bir halda
ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdırır. Belə
ki, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1
il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi
barədə iddia qaldıra bilməz.
Onun sözlərinə görə, nikaha xitam verilməsi
müvafiq icra hakimiyyəti orqanı - Ədliyyə Nazirliyinin qeydiyyat
şöbələri, müəyyən hallarda isə məhkəmə tərəfindən həyata keçirilir:
"Belə ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları
olmadıqda, nikaha onların razılığı əsasında qeydiyyat şöbələrində
xitam verilə bilər. Onların yetkinlik yaşına çatmayan ümumi
uşaqları olsa belə, ər (arvad) məhkəmə qaydasında itkin düşmüş,
fəaliyyət qəbiliyyəti olmayan hesab edildikdə və cinayət törətməyə
görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda ərin
(arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi qeydiyyat
şöbələri tərəfindən aparılır".
Hüquq məsləhətçisinin sözlərinə görə, ər-arvadın
birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti
olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında,
eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan
hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum
edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan
mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın
pozulmasından asılı olmayaraq məhkəmə qaydasında
baxılır.
Nikahın pozulmasının məhkəmə qaydasında aparılması
iki halda mümkündür. Nəcəfovun sözlərinə görə, ər-arvadın yetkinlik
yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın
pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur:
"Həmçinin ər-arvadın razılığı olduqda, lakin onlardan biri
qeydiyyat şöbələrində nikahın pozulmasından yayındıqda (ərizə
verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı
üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata
keçirilir. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının
qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə də nikah
məhkəmə qaydasında pozulur".
Hüquq məsləhətçisi bildirib ki, tərəflərdən
birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə
ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə
sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın
pozulmasında təkid etdikdə nikah pozulur. Nikahın məhkəmə
qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1
aydan tez olmayaraq həyata keçirilir.
Məhkəməyə təqdim olunan sənədlər barədə danışan
Nəcəfov deyib ki, nikahın pozulması barədə iddia ərizəsinə nikah
haqqında şəhadətnamənin əsli, uşağın doğum haqqında
şəhadətnaməsinin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti,
yoldaşınızın və özünüzün yaşayış yeri haqqında arayış, dövlət
rüsumu barədə qəbz əlavə olunmalıdır. Nikahın ləğv olunması
haqqında iddia ərizəsinə görə 20 manat dövlət rüsumu ödənilməlidir.
Məhkəmə yolu ilə nigaha xitam verilərsə, bu zaman nigahın pozulması
haqqında qeydiyyat şöbəsindən şəhadətnamə almaq üçün əlavə 15 manat
da rüsum ödəməlisiniz: "Nikah məhkəmə qaydasında pozularkən,
ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə
qaldığını, uşaqların, ehtiyacı olan və əmək qabiliyyəti olmayan
ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu
vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin
bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu saziş
olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin
marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına
çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını,
uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda
tutulduğunu müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi
ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı,
ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik
olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan
vəsaitin miqdarını müəyyən etməlidir".
Nəcəfovun sözlərinə görə, nikah müvafiq icra
hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına
alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə
məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam
verilmiş sayılır: "Ər (arvad) nikahın pozulması haqqında
şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz".