Əbülfəs Qarayevdən Ajda Pekana konsert vədi
4 İyul 2013 11:35 (UTC+04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan
türk müğənnisi Ajda Pekkanı qəbul edib. Bu barədə Lent. az-a
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat
verilib.
Görüş zamanı Ə.Qarayev onu Bakıda görməkdən məmnun olduğunu
bildirib. Daha sonra son dövrlər Azərbaycanda mədəniyyətin müxtəlif
sahələrinin sürətli inkişafından söz açan nazir, ölkəmizdə
mədəniyyətə olan yüksək dövlət qayğısından danışıb.
Doqquz il əvvəl Azərbaycanda olduğunu və Bakını çox bəyəndiyini
deyən A.Pekkan bu dəfə ki gəlişində öncəkinə nisbətən Bakının
tanınmaz dərəcədə çox inkişaf etdiyini qeyd edib. Ölkəmizdə teatr
və konsert müəssisələrinə, sənət adamlarına göstərilən yüksək
dövlət qayğısına heyran olduğunu deyən sənətçi, cari ilin oktyabr
ayında Bakıda konsert vermək arzusunda olduğunu bildirib. Ə.Qarayev
isə öz növbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
konsertlə bağlı lazımi köməyin göstəriləcəyini qeyd edib.