Elektron sağlamlıq kartlarında məxfilik tam təmin edilib-Özəl

4 İyul 2013 11:15 (UTC+04:00)
Artıq istifadəyə verilmiş "Elektron Səhiyyə" internet portalı vasitəsilə Elektron Sağlamlıq Kartı sistemində qeydiyyata alınan və unikal kodu mövcud olan vətəndaşlar (kod kartın üzərində qeyd olunub) özü barədə sistemdə yer alan bütün məlumatları internet üzərindən əldə edə bilər. Bu məlumat Movqe.az-a Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən verilib. Məlumata görə, sistemdə təhlükəsizlik və məxfilik tam təmin edilib. Bu məqsədlə sağlamlıq kartının sahibi haqqında informasiyanın əldə edilməsi və dəyişikliklərin aparılması məqsədi ilə sistemə yalnız tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq icazəsi olan şəxslər daxil ola bilərlər. Bütün əlavə və dəyişikliklər barədə sistemin təhlükəsizlik jurnallarında avtomatik qeydlər aparılır. Məlumatların ehtiyat surətləri mütəmadi olaraq disk və lentlərə yazılaraq qorunur. Hazırda Respublikanın şəhər və rayonlarında nəzərdə tutulan bütün tibb müəssisələrinin sistemə qoşulması yekunlaşıb. Sistemin inkişafı və digər qurumlarda (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi) fəaliyyət göstərən informasiya sistemləri ilə inteqrasiyası da təmin edilir.