Bayram gününün hava proqnozu açıqlandı

19 Mart 2020 13:42 (UTC+04:00)

20 martda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mövqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında martın 20-də bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Martın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.