Azərbaycan manatı İranda yenə bahalaşır

3 Aprel 2012 19:45 (UTC+04:00)

İndi Azərbaycan manatı ilə daha çox məhsul almaq mümkündür


Cənub qonşumuzun getdikcə daha sərt beynəlxalq sanksiyalara məruz qalması Azərbaycanın cənub sərhədlərində də hiss olunmaqdadır. Məsələ burasındadır ki, İrandan qayıdan yerli sakinlərin dediyinə görə, gömrükdə adamları ciddi şəkildə yoxlayırlar. İran tərəfi artıq böyük həcmdə ərzaq və kənd təsərrüfatı məhsullarını Azərbaycana buraxmır.

Quş əti, şəkər tozu, un, qənd, kişmiş və sair ərzaq məhsullarının Azərbaycana gətirilməsinə isə qadağa qoyulub. Deyilənlərə görə, bu qaydanı pozanlar İran gömrüyündə cərimə olunurlar və həmin dəqiqə həbs edilirlər. Cərimə ödənildikdən sonra məhkəmə yolu ilə azad olunurlar.

İran tərəfinin belə addım atmasına əsas səbəb isə burada ərzaq məhsullarının bahalaşmasıdır. Manatla müqayisədə, bir ay bundan əvvəl 1 manat 1600 tümən idisə, indi bu göstərici 2300 tümən olub. Qeyd edək ki, İranda manatla dolların kursu təxminən bərabər götürülür. Bu səbəbdən də tümən dəyərdən düşdüyünə görə qiymət fərqi Azərbaycanın xeyrinə dəyişir.

İndi yerli sakinlər çəkisi 10 kiloqramdan artıq olmamaq şərti ilə İrandan əsasən pendir, makaron, qarğıdalı yağı gətirirlər. Sərhədyanı ərazidə yerləşən mağazalarda əvvəlki aylara nisbətən İranda istehsal olunan mallar azdır. Mağaza sahibləri deyir ki, İrandan gətirilən mallar artıq qiymətdə sərf etmir. Üstəlik həm də keyfiyyəti aşağıdır.

Qeyd olunduğu kimi, İranda bütün ərzaq məhsullarının qiyməti qalxır. Məsələn, az əvvəl toyuğun bir kiloqramını 1 manat 50 qəpiyə alırdılarsa, indi 2 manata qalxıb. Ət və başqa məhsulların qiyməti də qalxır. Beləliklə, İranda iqtisadi vəziyyət gərginləşir. Bu vəziyyət sərhədyanı ərazilərdə yaşayan vətəndaşlarımıza da təsir edir. Bizim vətəndaşların sərhəddə gediş-gəlişi azalıb. Araşdırmalara görə, əgər əvvəllər gündə Azərbaycan tərəfə İranın 100 yük maşını gəlirdisə, indi gündə heç 10-15 maşın gəlmir. Sərhədyanı rayonlarda bildirilir ki, Siyəzən və başqa rayonlardan gətirilən toyuğun kiloqramı 3 manatdır, İrandan gətirilən toyuğun kiloqramını isə 3 manat 20 qəpiyə satırlar.

Yerli hakimiyyət orqanları isə bu məsələdə elə də problem görmürlər. Astara Rayon İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Xanverdi Şirinov məsələ ilə bağlı "Azadlıq" radiosuna deyir ki, İrana alverə gedən insanların çoxu kənd sakinləridir.

İqtisadçı Vidadi Mirzəyev də İran tüməninin dəyərdən düşməsini müşahidə etdiyini deyir. Onun dediklərinə görə, indi Azərbaycanın sərhədyanı rayonlarındakı qara bazarda İran pullarını dəyişən adamlar artıq yoxdur. Üstəlik adi vətəndaşlar belə İran valyutasını özündə saxlamağa risk etmirlər, bu pul etibarlı deyil: "İran tüməni alıcılıq qabiliyyətini itirir. Bu özünü açıq şəkildə göstərir. Son məlumatlara əsasən, İran tüməninin 1 dollara nisbəti 2300-2500 arasında fərq edir. İran banklarına iranlıların inamı azalıb. Baxmayaraq ki, İran qızılı ehtiyatda saxlayır. Lakin onu satmaq məcburiyyətindədir. Bu onu göstərir ki, böhranın qarşısını ala bilmir. İran vətəndaşlarından qəbul edilən bank əmanətləri, yəni depozitlər 25 faizlə ödənilirdi. Sonra 8 faizə saldılar. Gördülər ki, vətəndaşlar kütləvi şəkildə narazılıq edirlər, əmanətlərini banklardan götürürlər, buna görə də onlar əmanətlərin dərəcəsini 12 faizə qaldırdılar. Bu da kömək etmədi. Vətəndaşlar əmanətlərini banklardan götürürlər".

Vidadi Mirzəyev deyir ki, iqtisadi böhran yaşanan ölkədə istehlak mallarının qiymətinin qalxması, ərzaq və digər yeyinti məhsullarının qıtlığı adi hala çevrilir. İran bunun qarşısını almağa çalışır: "Son günlər İrandan Azərbaycana, demək olar ki, mallar buraxılmır. Kənd təsərrüfatı, yeyinti məhsulları heç birisi buraxılmır. İranda böhran artdıqca Azərbaycan manatı dəyərli olur. Azərbaycan manatı İran tüməninə nisbətən daha qiymətli olur. İranda yeyinti məhsullarının qiyməti İran pulu ilə qalxır, Azərbaycan puluna nisbətən ucuzlaşır. Azərbaycan manatı ilə daha çox məhsul almaq mümkündür. Bu böhranın göstəricisidir".

İqtisadçı deyir ki, manatın davamlılığı ABŞ dollarından asılıdır. Həm ABŞ dolları həm də Azərbaycan manatı İran Astarasında eyni qiymətə alınır. Müstəqil iqtisadçıların fikrincə, İranda qiymətlərin artmasının səbəbini Azərbaycandan gələnlərin üstünə atmaq heç də doğru deyil. Əsl səbəb İranın ciddi sanksiyalarla üz-üzə qalmasıdır.



Əsgər CAVADOV