4 yaşlı uşağın qaçırılması barədə verilən xəbərə aydınlıq gətirildi

5 İyul 2013 13:27 (UTC+04:00)

Bakı şəhər Səhiyyə İdarəsi ötən gün paytaxt xəstəxanalarının birində müalicə alan uşağın qaçırılması barədə yayılan məlumatlara aydınlıq gətirib. Bakı şəhər Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında hadisənin təfərrüatlarını danışıb. O bildirib ki, xəstəxanada heç bir qaçırılma faktı qeydə alınmayıb, sadəcə, məsələ məhkəmənin qərarı icra olunub: "Hadisə 6 saylı Uşaq Klinik Xəstəxanasında qeydə alınıb. 2009-cu il təvəllüdlü, Sabirabad rayon sakini olan  Abbasov Elsevər bronxial-astma diaqnozu ilə 6 saylı Uşaq Klinik Xəstəxanasına yerləşdirilib. Uşağın vəziyyəti hazırda yaxşıdır. Bu vaxta kimi uşaq ata nənəsi ilə xəstəxanada müalicə alıb. Uşağın valideynlərinin işi isə məhkəmə vəziyyətində olub. Məhkəmənin son qərarı ilə uşaq anaya verilib. Buna əsasən də məhkəmə qərarının icraçıları ilə birlikdə ata nənənin yanında uşağın anası və nənəsi gəlib onu xəstəxanadan götürüblər. Məhkəmənin qərarı ilə xəstəxananın həyətində icraçılar tərəfindən uşaq götürülərək anaya verilib".