Məzunlar karyeralarının qurulması üçün marifləndirildi

5 İyul 2013 14:06 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyəti "Qaçqın və məcburi köçkün məzunlar üçün karyeranın qurulmasına dəstək" layihəsinin həyata keçirilməsini başa çatdırıb. Layihənin əsas məqsədi Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrində məskunlaşan, ali məktəbləri bitirmiş, qaçqın və məcburi köçkün məzunlarının, öz bilik səviyyələrini müstəqil şəkildə artırma və konkret istiqamətlər üzrə təkmilləşdirilməsi texnologiyasının əsasları ilə tanış etmək, onların gələcək karyera yüksəlişinə köməklik etməkdən ibarət olub. Layihə çərçivəsində 45 nəfər gənc məzun maarifləndirici və istiqamətləndirici seminarlarla əhatə edilməklə yanaşı dəyirmi masalarda da aktiv iştirak ediblər. Dəyirmi masalar Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyətinin Sahil Biznes Resurs Mərkəzində həyata keçirilib. Dəyirmi masalarda gənc məzunların aktiv iştirakı ilə aşağıdakı mövzular ətrafında müzakirələr aparılıb:


 ali təhsilin problemləri; 

 sürətli iqtisadi inkişaf yolu keçən Azərbaycanda ali təhsilli mütəxəssislərin yeri və onların iştirakçılıq payı; 

 müstəqil olaraq bilik səviyyəsinin yüksəldilməsinin vacibliyi və onun həyata keçirilmə yolları; 

 təkmilləşdirilmiş bilik nədir və o müasir dünyada nə üçün lazımdır; 

 biz və ali məktəb yəni biz ali məktəbi bitirdikdən sonra öz daxili gücümüzü və imkanlarımızı necə hiss edirik; 

 təhsilin sosial problemlərin həllində rolu; 

 gənc məzunlarının bu günü və sabahı; 

 məzunun karyera yüksəlişi – ümidlər, gözləntilər və reallıq. 


Dəyirmi masalar çərçivəsində gənc məzunların aktiv iştirakı ilə aparılan müzakirələr onu göstərib ki, əhatə edilən mövzular müasir gənclik üçün çox aktualdır və həyati əhəmiyyət kəsb edir. Dəyirmi masalar çərçivəsində təşkil edilən müzakirələrdə iştirak edən hər bir gənc məzun başa düşüb ki, əldə edilmiş ümumi biliklərlə yanaşı təkmilləşdirilmiş bilgilərin əldə edilməsi karyeranın qurulması və onun yüksələn xətt üzrə inkişaf etməsində ən mühüm amildir.Təşkil edilən dəyirmi masalar, aparılan müzakirələr onu göstərib ki, belə tədbirlər layihə iştirakçılarını öz bilik səviyyələrini müstəqil şəkildə artırmaq və konkret istiqamətlər üzrə təkmilləşdirilməsi texnologiyasının əsaslarını mənimsəməkdə mühüm rol oynayacaq.