«Elmlər Akademiyası» metro stansiyasında eskalatorlardan biri təmirə dayandırılır

5 İyul 2013 14:18 (UTC+04:00)

Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasının eskalatorlarından biri gələn həftədən təmirə dayandırılacaq.


Metropolitenin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, bu tədbir iyulun 8-dən etibarən həyata keçiriləcək.

 

Təmirlə əlaqədar metropolitenin birləşmiş emalatxanaları hazırlıq prosesini başa çatdırmaq üzrədir. Elektromexanika xidmətinin eskalator distansiyasının rəisi Elçin İsmayılov stansiyanın daim gərgin iş rejimində çalışdığını bildirib: "Lakin bu, qaçılmaz addımdır. Sərnişinlərin marağı nəzərə alınaraq, təmir stansiya yükünün qismən azaldığı dövrə – iyul-avqust aylarına salınıb. Təmir 3 aya qədər davam edəcək. Lakin birləşmiş emalatxanalar xüsusi rejimdə çalışmaqla işləri vaxtından əvvəl qurtarmağa çalışacaq".

 

Qeyd edək ki, eskalatorun əsaslı təmiri sentyabrın 25-dək başa çatdırılmalıdır.