DİN Polis Akademiyasında təntənəli mərasim keçirib

5 İyul 2013 14:46 (UTC+04:00)

Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, iyulun 5-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2012-2013-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Məzunların valideynlərinin də qatıldıqları tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə daxili işlər nazirinin qarşılanma mərasimi olub. Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli tədbirə hazır olması barədə general-polkovnik Ramil Usubova raport verib. Sonra cənab nazir Polis Akademiyasının sıra meydanında düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisə münasibətilə təbrik edib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.

Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev bu ali polis təhsili ocağının keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı çıxış edib.

Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenantı Vüqar Nağıyev onlara göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikası Prezidentinə, DİN rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlığını bildirib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2012-2013-cü tədris ilinin buraxılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb, Azərbaycan Polisinin yaranmasının 95 illik yubileyinə həsr olunmuş mərasimdə möhtərəm dövlət başçımızın iştirakının və proqram xarakterli nitq söyləməsinin, asayiş keşikçilərinin cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin təmini yönündəki fəaliyyətini növbəti dəfə yüksək qiymətləndirməsinin qürurverici məqam, daxili işlər orqanlarına göstərilən ali diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib, bunun şəxsi heyəti böyük uğurlara ruhlandırdığını, eyni zamanda, onun qarşısında daha məsul vəzifələr qoyduğunu vurğulayıb.

Nazir qeyd edib ki, xalqın təkidli tələbi ilə ulu öndərin ali hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, hüquq-mühafizə fəaliyyəti sahəsində də köklü hüquqi-demokratik islahatlar həyata keçirilib, onun rəhbərliyi altında artıq müstəqil Azərbaycana xidmət missiyasını yerinə yetirməyə başlayan güc strukturları, o cümlədən daxili işlər orqanları formalaşıb, ölkəmizdə sabitlik bərqərar olub, kriminogen durum tam nəzarətə götürülüb.

Bildirilib ki, ümummilli liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının

yaxşılaşması üzrə həyata keçirdiyi davamlı tədbirlər Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynayıb, möhtərəm dövlət başçımızın ali diqqət və qayğısı sayəsində sahəvi xidmətlərin, orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələr ilə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin möhkəmləndirilməsi, iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılıb.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin kadrların hazırlanması işinə hər zaman xüsusi önəm verdiyini, nitq və çıxışlarında gənc kadrların hazırlanması prosesini gələcəyimizi şərtləndirən mühüm amillərdən biri kimi vurğuladığını xatırladıb. Qeyd olunub ki, xarici dövlətlərin hüquq-mühafizə strukturları ilə əməkdaşlıq çərçivəsində hər il onlarca gənc Türkiyənin Polis və Hərbi akademiyalarına, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir. Kadr hazırlığı prosesinə xüsusi diqqət və qayğının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların tərkibində hüquqşünasların xüsusi çəkisi 80 faizədək yüksəlib.

Müdavimlərin beş il Polis Akademiyasında mükəmməl təhsi aldıqlarını, müxtəlif biliklərə yiyələndiklərini nəzərə çatdıran nazir bu bilik və vərdişlərin praktikada uğurlu tətbiqinə, Azərbaycan Polisinin gələcəyi olan məzunların DİO-nun ən yaxşı ənənələrini davam etdirəcəklərinə əminliyini bildirib, onlara vətənə məhəbbət, dövlətə sədaqətlə xidmət etməyi və Prezidentin ətrafında hər zaman sıx birləşməyi tövsiyyə edib, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulaıyıb.

Sonra daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara diplomları təqdim edib.

Akademiyanı fərqlənmə diplomu ilə başa vurmuş Elnur Mustafayev rəmzi xatirə lövhəsini yaş kötüyünə vurub.

Daha sonra Akademiyanın döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər "Azərbaycan Polisi" marşını ifa ediblər.

Tədbir şəxsi heyətin nizami addımlarla tribunanın qarşısından keçməsi ilə başa çatıb.