Sumqayıt və Abşeronun ara və köməkçi yollarında postlar qurulub (FOTO)

25 Mart 2020 17:00 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda polis əməkdaşları tərəfindən stasionar postlar fəaliyyət göstərir. Bakı-Ələt, Bakı-Quba və Bakı- Şamaxı yollarında yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları sutkalıq xidmət aparırlar. Həmin məntəqələrdə hər hansı neqativ halın yaşanmaması üçün stasionar postlaradakı vəziyyətə Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə real vaxt rejimində nəzarət olunur. Qeyd edək ki, xüsusi karantin rejimi elan ediləndən bu günə qədər stasionar postlarda bölgələrdən gələn 6164 avtomobilin paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazinə daxil olmasının qarşısı alınıb. Həmçinin bu müddət ərzində müəyyən edilmiş tələblər çərçivəsindən kənar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan bölgələrə doğru hərəkət etməyə çalışan 1746 nəqliyyat vasitəsi geri qaytarılıb. Təəssüflə qeyd edək ki, bəzi sürücülərin xüsusi karantin rejiminin tələblərindən yayınaraq magistraldan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxta, Sumqayıt şəhəri və Abşeron rayonuna keçməyə cəhd göstəməsi hallarına da rast gəlinir. Belə neqativ hərəkətlərin qarşısının alınması üçün DİN rəhbərliyinin göstərişi ilə ara və köməkçi yollarda da postlar təşkil olunub. Bu postlarda Daxili Qoşunların və ərazi polis orqanlarının əməkdaşları fasiləsiz xidmət aparırlar.