Azərbaycanlı deputatın Misir saytında “Cənab İlham Əliyevin islahatları vətəndaş rifahının sosial inqilabıdır” adlı müsahibəsi dərc olunub

25 Mart 2020 18:13 (UTC+04:00)

Milli Məclisin deputatı Elman Nəsirovun Misirin nüfuzlu Şabab Əlnil saytında "Cənab İlham Əliyevin islahatları vətəndaş rifahının sosial inqilabıdır" adlı müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, Elman Nəsirov müsahibəsində hazırda Azərbaycanda geniş miqyasda yeni islahatlar dövrünün yaşandığını bildirib.

Deputat qeyd edib ki, bu siyasətin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub. Prezident İlham Əliyev isə yeni dünyanın tələblərinə uyğun olaraq bu siyasəti uğurla davam etdirir və bununla da islahatlar yeni mərhələyə qədəm qoyub:

"Prezident İlham Əliyev bu islahatlara 11 aprel 2018-ci ildə növbəti qələbəsindən az sonra başlayıb və bütün siyasi, iqtisadi, sosial, məhkəmə, hökumət və insan resursları strukturunu əhatə edir. Dövlət başçısının siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun sosial rifah halının təmin edilməsi dayanır".

E.Nəsirov Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətləri də misirli oxucuların diqqətinə çatdırıb: "Prezident İlham Əliyevin son 16 ildə həyata keçirdiyi siyasət sayəsində Azərbaycan nəinki dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edib, eyni zamanda, dünya dəyərlərinin qorunması və təbliği sahəsində təsirli nailiyyətlər qazanıb. Azərbaycanın bu məsələlərlə bağlı təcrübəsi digər ölkələr üçün nümunə ola bilər".

E.Nəsirov bildirib ki, şübhəsiz, Ermənistanın təcavüzkar siyasəti və Azərbaycana qarşı etnik təmizləmə olmasaydı, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə daxili və xarici siyasətdəki uğurlarımızın əhatəsi daha böyük olardı: "Münaqişənin hələ həll edilməməsinə baxmayaraq, Azərbaycan son 16 ildə öz siyasi, diplomatik və hərbi üstünlüyünü təmin edib. Ermənistanın bütün səylərinə baxmayaraq, heç bir beynəlxalq qurum, o cümlədən rəsmi Yerevan özü separatçı rejimin müstəqilliyini tanımadı. Bu, Azərbaycanın vacib siyasi xüsusiyyətidir".