At və eşşək ətində öldürücü viruslar-Araşdırma

5 İyul 2013 16:00 (UTC+04:00)

Bu günlərdə Bakının Müşfiqabad qəsəbəsindəki Güzdək yaşayış massivində bakterioloji çirklənməyə məruz qalmış at və eşşək ətinin aşkarlanması faktı bir daha təsdiqlədi ki, paytaxta gizli yolla bu cür ətlər gətirilir və heç kəs bu ətləri istehlak etməkdən sığortalanmayıb. 

İstər yeməkxanalarda, istərsə də  dönərxanalarda özümüz də bimədən təkdırnaqlı heyvan ətlərindən hazırlanan qidaları qəbul edə bilərik.

At və eşşək ətindən hazırlanan "təamları" dadmağı heç kəs arzulamasa da, aşkarlanan faktlar göstərir ki, iaşə obyektlərində bu cür ətlərdən yeməklər, fəsd-fudlar hazırlanır və satışa çıxarılır. Bəlkə də, bu yazını hazırlayan bəndəniz( red:mən) də bəh-bəhlə, təkdırnaqlı heyvan ətini nuşi-canla istehlak etmişəm. Bunu düşünən insanın ağlına gələn ilk sual isə bu olur-"Görəsən məni nə gözləyir?", "Əgər at və eşşək ətindən dadmışamsa mənə nə ola bilər?".


At və eşşək ətinin satışı dövlət standartı ilə yasaqlanmayıb 

 

Maraqlı olduğu qədər də, cavabını tez tapmaq istədiyimiz sual olduğundan, Movqe.az at və eşşək ətini istehlak etməyin fəsadlarını araşdırıb. Araşdırma zamanı maraqlı bir məqam ortaya çıxıb. Sən demə at və eşşək ətinin satışı dövlət standartı ilə yasaqlanmayıb.  "QOST 004-07" standartına görə, eşşək əti yararlı hesab edilir. Kənd Təssərrüfatı nazirliyi yanında  Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Movqe.az-açıqlamasında bildirib ki, at və eşşək ətinin dövlət standartı ilə satışına icazə var. Amma at və eşşək əti öz adı altında satılmalıdır. Yəni at və eşşək əti satışa çıxarılarkən, üzərinə bu təkdırnaqlı heyvanların əti olduğu qeyd olunmalıdır: "İstehlakçını aldatmaq olmaz. Əgər ət eşşəyin, yaxud da atın ətidirsə bu məlumat ətin üzərində qeyd edilməlidir. Alıcı bilməlidir ki, satışdakı bu ət hansı heyvanın ətidir. Təbii ki, işbazlara bu qeydi göstərmək sərf etmir. Çünki, Azərbaycan alıcısı ətin at, yaxudda eşşək əti olduğunu bilsə həmin əti almayacaq. Bu isə işbazları vadar edir ki,  bu təkdırnaqlı heyvanların ətlərini başqa heyvanların əti adı altında satsınlar. Bu isə qanunsuzdur".

Y. Xanvəli deyir ki, aşkarlanan faktdan sonra əhali arasında ət məhsulları ilə bağlı bir qədər tərəddüd yaransa da, alıcılar baytar nəzarətindən keçən ətləri çəkinmədən ala bilərlər. Çünki, həmin ətlərin hər biri labarator analiz edilərək satışa buraxılır. At və eşşək ətinə gəlincə, Y. Xanvəli bu cür ətlərin qanunsuz olaraq başqa ətlər adı ilə satışa çıxarılmasınının, dönərxana və sair iaşə obyektlərində istifadəsinin ağır fəsadının olmasını istisna etmir. Onun sözlərinə görə, at və eşşək ətlərində təhlükəli xəstəliklər ola bilər. DBX-nın xüsusi təhlükəli xəstəliklər üzrə sektor müdiri Klimet Əsədov Movqe.az-a bildirib ki, at və eşşək ətində manqo və saqqo kimi infeksion viruslar ola bilər.  Ona görə də, bu heyvanların ətlərini baytar nəzarətindən keçirməmiş satışa çıxartmaq olmaz: " 


at və eşşək ətində təhlükəli viruslar


"Manqo" təkdırnaqlı heyvanların xronikigedişli infeksion xəstəliyi olub, ağciyərdə, burun boşluğunun selikli qişasında və dəridə irinli yaralara çevrilən spesifik düyünlərin əmələgəlməsi ilə səciyyələnir. Xəstəliyə əsasən təkdırnaqlı heyvanlar həssasdır. Manqoya insanlar da həssasdır. İnfeksiyanın törədicisinin mənbəyi xəstə heyvanlardır. Törədici orqanizmə daxil olduqdan sonra əvvəlcə limfa sisteminə, sonra isə qana keçir. Bunların bir qismi qan və limfa sistemində məhv olur, digər qismi isə ağciyər və digər orqanların kapilyarlarında çökür. Çökmüş mikrobları limfoid hüceyrələr, xüsusilə mikro və makrofaqlar əhatə edir. Nəticədə manqo düyünü əmələ gəlir. Mikro və makrofaqlar mikrobu udur, ancaq məhv edə bilmir. Əmələ gəlmiş nəhəng hüceyrələr də mikrobu parçalaya bilmir və bunların hamısı nekroza uğrayır. Manqo fokusu ətrafında toplanmış limfoid hüceyrələri birləşdirici toxuma hüceyrələrinə çevrilir və nəticədə düyün birləşdirici toxumadan təşkil olunmuş kapsula içərisinə alınır. Əgər orqanizm belə kapsulanı tez yarada bilirsə o sağalır, yarada bilmirsə patoloji proses inkişaf edir. Bu zaman fokus ətrafında yayılmış infiltrat nəzərə çarpır, buradan törədici limfa və ya qan damarlarına keçərək orqanizmə yayılır və orqanizmdə yeni fokusların əmələ gəlməsinə səbəb olur. Manqo zamanı temperaturun yüksəlməsi, arıqlıq törədicinin toksini hesabına yaranır. Rezistentliyi aşağı olan orqanizmdə, ağciyərdə lobulyar-lobar pnevmoniya baş verir və yaranmış kavernalar vərəm kavernalarına bənzəyir. Xəstəliyin 2-3-cü günündə burnun selikli qişasında xırda sarı rəngli düyünlər əmələ gəlir. Bu düyünlər böyüyərək biri digəri ilə birləşir və nekrotik iltihab baş verir. Nəticədə ovalvarı, kənarları girinti-çıxıntılı, irinlə dolu yaralar əmələ gəlir. Nekrotiki iltihab nəticəsində burun arakəsməsinin zədələnməsi, burundan qanlı-ixarozlu axıntı və tənəffüsün çətinləşməsi görünür. Xəstəlik nəticəsində regional limfa düyünləri iltihaba uğrayır. Ağciyər prosesə tutulur, ancaq patoloji proses ləng inkişaf etdiyi üçün klinik simptomlar nəzərə çarpmır. İti forma zamanı bəzən budun daxili səthində, pülükdə, xaya torbasında yaralar müşahidə edilir. Manqonun dəri forması zamanı ən çox baş, boyun, ətrafların dərisi üzərində əvvəlcə ağrılı şişlər əmələ gəlir, sonra bunlar sorulur və yerində bərk qabarcıqlar yaranır. Bir neçə gün keçmiş qabarcıqlar partlayır və yerində irinli yaralar əmələ gəlir. Səthi limfa damarları həcmcə böyüyür, sonra yumşalır və partlayır. Xəstəlik iti formada 2-4 həftə davam edir və çox vaxt ölümlə nəticələnir. Xəstəliyin xroniki forması zamanı periodik olaraq temperaturun yüksəlməsi, ağciyərin emfizeması, burun axıntısı, öskürək və çənəaltı limfa düyünlərinin böyüməsi görünür. Burun boşluğunun selikli qişasında yaralar və ulduzvari sağalmış yara yerləri nəzərə çarpır. Əgər heyvan sağ ikən diaqnozu dəqiqləşdirilibsə, öldükdən sonra onun cəsədinin yarılmasına icazə verilmir. Dərinin üzərində və burun boşluğunda manqo düyünləri, irinli yaralar və çapıq toxumalı sahələr müşahidə edilir. Ağciyərdə inkişafın müxtəlif mərhələlərində olan düyünlər, kavernarlar və nekrotiki fokslar müşahidə olunur. Patoloji dəyişikliklərə qaraciyərdə, dalaqda, limfa düyünlərində rast gəlinir. Müalicə aparılmır, xəstə heyvanlar öldürülür".

K. Əsədov deyir ki, təkdırnaqlılarda Saqqo virusuna da rast gəlinir. Saqqo atların infeksion xəstəliyi olmaqla temperaturun yüksəlməsi, burun boşluğu və udlağın selikli qişasının kataral irinli iltihabı və regionar limfa düyünlərinin absesi ilə səciyyələnir. İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlar olmaqla, bunlar törədicini burun axıntısı və abses irini ilə ətrafa yayılır. Törədici xəstə heyvanlardan sağlamlara bilavasitə və dolayı kontaktla keçir. İnfeksiyanın giriş qapısı burun və udlağın selikli qişası hesab edilir. Saqqo ən çox orqanizmin ümumi rezistentliyi aşağı düşdükdə müşahidə edilir. Burun boşluğunun selikli qişasına düşmüş törədici limfaya keçir və çənəaltı limfa düyünlərinə gəlir. Orqanizmin ümumi rezistentliyi aşağı olduqda isə törədici limfa düyünlərindən limfa vasitəsilə yayılır və qana keçərək septikopiemiya törədir. Nəticədə daxili orqanlarda metastatik iltihablar yaranır və ölüm baş verir. Saqqonun metastatik forması zamanı patoloji proses çənəaltı limfa düyünləri ilə yanaşı, həmçinin qulaq dibi, kürəkönü və diz limfa düyünlərini də zədələyir, oynaqların irinli iltihabı inkişaf edir. Xəstə atlarda udma aktı və tənəffüs pozulur. Çox vaxt abses udlağa açılır və irin kütləsi ağızdan xaricə tökülür. Bəzən qulaq dibi vəzinin irinli iltihabı ilə əlaqədar olaraq, irin kütləsi qırtlağa oradan da ağciyərə düşür, bronxopnevmoniya və aspirasion pnevmoniya baş verir. Mezenterial limfa düyünlərində fluktasiyalı absesləri rektal müayinə ilə təyin etmək olar. Abseslər oynaqlarda, baş beyində, onurğa beynində, böyrəkdə, qaraciyərdə və s. orqanlarda əmələ gəlir. Patoloji prosesin yerindən asılı olaraq atlarda meningit, səsli tənəffüs, artritlər, ətrafların parezi və s. əmələ gəlir. Xüsusilə boyun nahiyəsindəki abseslər qorxulu olmaqla traxeyanı, yem borusunu, vidaci venanı sıxır və heyvanın ölümünə səbəb olur".

K. Əsədov ona görə də təkdırnaqlı heyvanlar olan at və eşşəyin ətinin baytar müayinəsindən keçməmiş satışa buraxılmasını təhlükəli olduğunu söyləyir. 


at və eşşək ətin milli mətbəximizdən həmişə uzaq olub

 

Apardığımız kiçik araşdırma göstərir ki, at və eşşək ətinin gizli yollarla satışa verilməsi insan orqanizminə təhlükəli viruslar sala bilər. Bəlkə də elə təsadüf deyil ki, bu təkdırnaqlı heyvanların əti Azərbaycan milli mətbəxindən həmişə uzaq olub. Elə mütəxəssislər də at və eşşək ətinin Azərbaycan mətbəxində bineyi-qədimdən istifadə edilmədiyini söyləyirlər. Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova bunun səbəbini belə izah edir: "At və eşşəkdən Azərbaycanda həmişə iş üçün, yük daşımaqda kotana qoşmaqda istifadə edilib. Ona görə də, bu heyvanların ətindən istifadə edilməyib. Bizim mətbəximizdə bəslənən heyvanların, otlaqda otlayaraq bəslənən heyvanların ətlərindən istifadə edilib. Yük heyvanlarının əti isə kobud hesab edildiyindən onların ətindən milli mətbəximizdə istifadə olunmayıb".