Əli Əhmədov: Koronavirusla mübarizədə hər kəs həmrəylik nümayiş etdirməlidir

26 Mart 2020 13:38 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) könüllüləri Prezident İlham Əliyevin koronavirusla mübarizə çağırışına qoşularaq, aksiyaların həyata keçirilməsində iştirak edirlər.

Mövqe.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, YAP ölkəmizdə koronavirusun qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərin müsbət nəticə verməsi üçün öz töhfələrini verməyə çalışır.

Baş nazirin müavini vurğulayıb ki, bu məsələdə hər kəs həmrəylik nümayiş etdirməlidir:

“Biz bütün səylərimizi birləşdirərək dünyanı lərzəyə salan koronavirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik”.

Ə.Əhmədov xatırladıb ki, Prezident İlham Əliyev karantin rejimi ilə əlaqədar olaraq, köməyə və dəstəyə ehtiyacı olan vətəndaşlara yardım etmək məqsədilə könüllülərin xidmətinin fəallaşmasının vacib olduğu fikrini bildirmişdi: “Yeni Azərbaycan Partiyasının könüllüləri də ölkə başçısının bu çağırışına qoşularaq, aksiyaların həyata keçirilməsində iştirak edirlər”.

YAP rəsmisi qeyd edib ki, bu günə qədər YAP könüllüləri 2500 köməyə və dəstəyə ehtiyacı olan, tənha yaşayan insanlara yardımlar çatdırıb.

Ə.Əhmədov əlavə edib ki, YAP könüllüləri karantin rejimi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə ahıl, yaşlı və tənha yaşayan insanlara dəstək göstərilməsi ilə əlaqədar da aksiyaya başlayıb: “Bu aksiyaya YAP-ın Bakı şəhəri üzrə 200-dən çox, bütövlükdə Azərbaycan üzrə 550-dən çox könüllüləri səfərbər olub”.