Azərbaycan Gimnastika Federasiyası da Koronovirusla Mübarizə Fonduna vəsait ayırır

26 Mart 2020 15:59 (UTC+04:00)

Azərbaycan Gimnastika Federasiyası da ölkə Prezidenti cənab İlham Əliyevin koronavirusla mübarizə ilə bağlı çağırışına qoşulub.

Federasiyadan Mövqe.az-a bildirilib ki, federasiyanın işçi heyəti, bədii gimnastika, kişi və qadın idman gimnastikası, akrobatika və batut gimnastikası üzrə yığma komandaların üzvləri, məşqçi və xoreoqraf heyəti, elcəcə də, federasiyanın tibbi personalı öz əmək haqqlarının müəyyən hissəsini ölkə Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə təsdiq edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayırmağa qərar veriblər.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə federasiya tərəfindən 20.000 manat məbləğində vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcəkdir.