Xalq artisti vətəndaşlara “evdə qal” çağırışı etdi

31 Mart 2020 14:08 (UTC+04:00)

“Hazırda elə bir məqamdır ki, hər kəs həmrəy olmalıdır. Dövlət üzərinə düşən bütün tədbiləri həyata keçirir. Bu səbəbdən də cəmiyyət də üzərinə düşən məsuliyyəti anlamalıdır”.

Bu fikirləri Unikal.org-a açıqlamasında xalq artisti Mənsum İbrahimov səsləndirib. M.İbrahimov bildirib ki, dövlətimiz zamanında önləyici tədbirlər həyata keçirib və bunun nətcəsidir ki, bizdə digər ölkələrdəki kimi faciəvi vəziyyət yaranmayıb: “Amma insanlar da öz üzərilərinə düşən öhdəliyi anlamalıdır. Nazirlər Kabineti Yanında Operativ Qərargahın elan etdiyi karantin rejiminə hər kəs əməl etməlidir. Çünki hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını  risk altına atmaq deməkdir. Hər kəs öz sağlamlığını, eləcə də doğmalarını, ətrafındakıları, bütövlükdə cəmiyyətin sağlamlığını qorumalıdır. Zərurət olmadan küçəyə çıxmaq lazım deyil. Bütün dünya bir imtahan qarşısındadır və buna qarşı ciddi mübarizə aparır”.

Xalq artisti sonda vətəndaşlara çağırış edib: “Mən, hər bir vətəndaşımızdan bu dönəmdə diqqətli, həssas və ehtiyatlı olmağı gözləyirəm. İnanıram ki, Azərbaycan xalqı həmrəy olaraq, bu imtahandan sağ-salamat çıxacağıq. Hər kəsə cansağlığı, sağlam həyat arzulayıram. Bunun üçün də müddətdə evdə qalaq. Xalq olaraq, sağlam qalaq”.