"Azercell"in qəbuledici-ötürücü antenalarından şikayət-Özəl

8 İyul 2013 16:02 (UTC+04:00)

Bakının Nizami rayon sakinləri "Azercell Telekom" MMC-yə məxsus qəbuledici-ötürücü avadanlıqları ilə təchiz olunmuş antena və radio baza stansiyasının onların səhhətinə vurduğu ziyandan şikayətçidir. Movqe.az-a məktubla müraciət edən rayonun Bəhruz Nuriyev küçəsi, 42, 50, 71 və 46 saylı binaların sakinləri bu yaşayış binalarına çox yaxın, təqribi olaraq 35m məsafədə "Azercell Telekom" MMC-yə məxsus qəbuledici-ötürücü avadanlıqları ilə təchiz olunmuş antena və radio baza stansiyasının olduğunu bildirirlər. Onların sözlərinə görə, son zamanlar bu antenada olan bəzi ötürücü radiotexniki avadanlıqlarda dəyişikliklər aparılır, ötürücülərin istiqamətləri və hündürlük məsafələri tez-tez dəyişdirilir.  Bu qurğular yaxınlıqda yaşayan sakinlərin sağlamlığına ciddi zərər verir: "Belə ki, bizim mənzillərdə müvafiq vaxtlarda aparılan araşdırmalar zamanı 900 və 1800 Mhs tezlik diapazonlarında siqnalın gücünün "0" dBm-ə çox yaxın olduğu müşahidə olunub. Bu isə yol verilən həddən çoxdur. Uzun müddətli başağrıları, halsızlıq, yuxu narahatlığı və s. narahatlıq doğuran hallardan əziyyət çəkirik. Götürülən normativ qiymətlər isə digər MDB (Ukrayna 2,5 μW/cm²) və Avropa ölkələri (Avstria 0,1 μW/cm²) ilə müqayisədə, bizim ölkədə (10 μW/cm²) çox artıqdır.  Beynəlxalq təcrübədə baza stansiyanın maksimal çıxış gücünə, antenanın növünə, şüalanma bucağına, şaquli və üfüqi səthlərdə istiqamətinə görə antenanın yaşayış sahəsindən uzaqlıqda yerləşmə məsafəsi təqribən 300 metrdən başlayaraq hesablanır. Elektromaqnit şüalanmadan olan mühafizə və məhdudiyyət zonasının sərhədlərini burada quraşdırılmış baza stansiyanın maksimal gücünə, ötürücü radiotexniki avadanlıqların yaratdığı elektromaqnit sahələrin səviyyəsinə və təsirinə görə düzgün olub-olmamağı öyrənmək üçün "Azercell Telekom MMC" və "Respublika Gigeyena və Epidemiologiya Mərkəzinə" müraciət etmişdik. Mənzillərimizdə "Spectran HF-6060" elektromaqnit sahəni ölçən avadanlıqla aparılan ölçülər zamanı ölçü aparan mütəxəssisdən müxtəlif tezlik diapazonlarında siqnalın gücünün "0" dBm-ə çox yaxın olduğu halda, bu cihazda zəiflədicinin verilmiş təlimata uyğun olaraq qoşulmasını praktik şəkildə göstərməyi xahiş etdik. Lakin  bildirildi ki, bunu bizə hazır şəkildə veriblər, hər hansı bir göstəricini yoxlamağa ehtiyac yoxdur. Ancaq bu cihazın ölçü aparma qaydalarında bu və bu kimi digər göstəricilərə də diqqət yetirmək tələb olunur. Biz sakinlər bu cür aparılmış ölçüləri qeyri-dəqiq sayır, hüquq və azadlığımız onlar tərəfindən pozulması kimi hesab edirik. Belə ki, götürülən enerji sıxlığı müvafiq formullarla hesablanır. "Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən" bu göstəricinin cihazda hansı formula ilə aparıldığını göstərməyi xahiş etdik, cavab bir mənalı olaraq, "biz bunu bilmirik" oldu, "Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsinə müraciət edin" bildirildi. Daha sonra ölçü zamanı əldə edilmiş fotoşəkil nümunəsində olan (böyük rəqəmlərlə) göstəricinin nəyi bildirdiyini soruşduq, buna isə hələ ki, bir cavab yoxdur. Bildirmək istəyirik ki, müvafiq qaydalarla radio baza stansiyanın maksimal çıxış gücünə, antenanın növünə, şüalanma bucağına, şaquli və üfüqi səthlərdə istiqamətinə görə antenanın insan orqanizmi üçün təhlükəsiz olmasını, yaşayış sahəsindən yol verilən məsafəni təyin etmək mümkündür. Artıq bu kimi yoxlamalar biz tərəfdən təkrarən aparılmış və nəticədə alınmış qiymətlər yol verilən normativ qiymətlərdən olduqca artıq olduğu müşahidə olunub. "Azercell Telekom MMC" tərəfindən isə yerində biz sakinlərlə birlikdə araşdırma aparılmır, sadəcə bunun insan orqanizmi üçün təhlükəli olmadığı bildirilir. Bunu isə əsaslandırmaq və sübut etmək lazımdır. Əlavə olaraq bildiririk ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzini normativ qiymətləri ВСН 2963-84 və СанПиН 2.1.8.2.2.4.1383-03 sənədləri ilə əsaslandırır. Tərtib olunmuş protokol isə 1984-cü ilin sənədlərinə əsaslanır. Etdiyimiz digər normativlər haqqında müracətimizə "o qeydlərə inanmayın" deyə bildirirlər. Qeyd etdiyimiz kimi burada tez-tez planlı işlər (avadanlıqların sayı və hündürlük məsafələri və s.) aparıldığı halda müvafiq dövlət qurumlarına bu haqda məlumat verilmir. Bu isə burada yaşayan sakinlər necə təhlükəli bir sahədə yaşamasından xəbər verir. Yekunda inanırıq ki, Siz ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquq və azadlıqlarını nəzərə alaraq bizim bu müraciətimizə müsbət yanaşaraq, yaxın məsafədə (təqribən ~35m) təhlükəli qeydə alınan elektromaqnit radiasiyasından tezliklə xilas olmağımız  üçün sözü gedən bu antena və radio baza stansiyanın tezliklə buradan götürülməsində bizə köməklik göstərəcəksiniz. Böyük hörmət və inamla,  Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 42, 50, 71 və 46 saylı binaların sakinləri".

Məsələ ilə bağlı Respublika Gigeyena və Epidemiologiya Mərkəzinin Nizami rayon GEM-indən Movqe.az-a bildirdilər ki, Bəhruz Nuriyev küçəsi, 42, 50, 71 və 46 saylı binaların sakinlərinin şikayəti araşdırılacaq. 

"Azercell Telekom"-un mətbuat xidmətinə ünvanladığınız sorğuya isə verilən cavab belə oldu: "

Şikayətdə qeyd edilir ki, redaksiyanıza müraciət edilməsinin səbəbi sakinlərin şikayətinə tam, dolğun və düzgün şəkildə cavab verilməməsidir. Bununla əlaqədar qeyd edilməlidir ki, sakinlərin 19 may 2013-cü il tarixli ərizəsinə 23 may 2013-cü il tarixli 10162 saylı məktubla, 09 iyun 2013-cü il tarixli təkrar xarakterli ərizəsinə isə 20 iyun 2013-cü il tarixli 12328 saylı məktubla rəsmi cavab verilib.

Sakinlərin şikayətinə cavab olaraq bir daha bildirmək istərdik ki, "Azercell Telekom" MMC ölkəmizin bütün bölgələrini, o, cümlədən Bakı şəhərinin Nizami rayonunun ərazisini mobil rabitə xidməti ilə təmin etməyi qarşısına məqsəd qoymub. Bu məqsədlə Bakı şəhəri, B.Nuriyev küçəsi ünvanında radio-baza stansiyasının quraşdırılması işi planlaşdırılmış və həmin radio-baza stansiyası hüquq sahibi ilə müvafiq müqavilə bağlanmaq şərti ilə quraşdırılmışdır ki, bu da yeni texnologiyalar əsasında ölkədə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi və inkişaf etdirilməsi, respublikanın bütün ərazisi üzrə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərinə çıxışının təmin olunmasına, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında ölkə başçısının Sərəncamdan irəli gələn vəzifələrin icrasına bilavasitə xidmət edir.

Eyni zamanda bildiririk ki, "Azercell Telekom" MMC-nin istifadə etdiyi radio baza stansiyaları, digər ötürücü qurğular o cümlədən sakinlərin istinad etdiyi avadanlıqlar özü-özlüyündə insan sağlamlığı o cümlədən ətraf mühit üçün təhlükə yaratmır, onların fəaliyyət gücü yol verilən həddən xeyli az olduğundan əhalinin sağlamlığının qorunması məqsədi ilə tədbiq edilən sanitar zonanın yaradılmasına ümumiyyətlə ehtiyac olmur.

Öz fəaliyyətini qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq təşkil edən "Azercell Telekom" MMC quraşdırdığı bütün radio baza stansiyaları barəsində icra edilməli olan bütün normativ tələb və şərtlərə riayət edərək dövlət orqanları tərərfindən həyata keçirilən bütün nəzarət və qeydiyyat prosedurlarına uyğun olaraq lazımi təsdiqedici sənədlərə malikdir. Belə ki, zərərli təsir yaratması iddia edilən avadanlıqlar nüfüzlu əcnəbi ("Kathrein" Almaniya, "Ericsson" İsveç) istehsalçılar tərəfindən istehsal edilmişdir, onlar dünya  və Avropa standartlarına cavab verməklə yanaşı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş "Uyğunluq Sertifikatı"na malikdirlər və bu qurğu və avadanlıqların ətraf mühitə və canlı orqanizmlərə, o cümlədən insan orqanizminə mənfi təsiri yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarına" uyğun olaraq sertifikatlaşdırılmış həmin avadanlıqların təhlükəsizliyi və ekoloji göstəricilərə uyğunluğu Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib və verilən uyğunluq sertifikatı  müddətsizdir. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilən Sanitariya gigiyenik Rəyə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin həyata keçirdiyi "Radio Baza Stansiyalarının Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi" sənədinə əsasən həmin ünvanda quraşdırılmış qəbuledici-ötürücü avadanlıqların yaratdığı elektromaqnit dalğalarının səviyyəsi norma daxilindədir, təhlükəsizdir və sanitar mühafizə zonasının yaradılması tələb edilmir. Göründüyü kimi sakinlərin istinad etdiyi hal rəsmi sənədlərlə təkzib edilir".