Müxaliflər Qarabağ məsələsində yenə xəyanətkar mövqedədirlər

9 İyul 2013 08:23 (UTC+04:00)

Radikal müxalif düşərgədə yer alanların bir çox təmsilçilərinin Azərbaycanın milli maraqlarını satmağa hazır olması, düşmən dəyirmanına su tökməklə məşğul olması danılmaz həqiqətdir. Bu sırada son dövrlə daha çox fəallığı ilə seçilənlərdən biri də Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovdur.

Bu şəxsin "Kavkazskaə politika"ya müsahibəsində Azərbaycanın əzəli torpağı olan Qarabağın ölkəmizə məxsusluğunu yenidən sual altında qoyması isə yalnız və yalnız ermənilərin lehinə işləyən haldır. Milli Şura sədri deyib ki, Qarabağ təkcə Azərbaycanın torpağı deyil: "Məsələ burdadır ki, Qarabağ təkcə torpaq deyil, həm də regionun erməni əhalisidir. Biz o torpağı ancaq həmin əhali ilə birlikdə qaytara bilərik. Ermənilər anlayışlı xalqdır. Onlar bizi başa düşəcəklər". Bu fikirləri Dağlıq Qarabağla bağlı Milli Şuranın vahid namizədinin seçki platforması kimi də qəbul etmək olar. Deməli, o, indidən xəyanətə hazırlaşır.

Bundan əvvəl də Rusiyanın "Rosbalt" İnformasiya Agentliyinə müsahibəsində onun dedikləri Azərbaycanın ərazi bütövlüyünü belə, şübhə altına almışdı: "Onlar Qarabağı özlərininki, biz də öz torpağımız sayırıq. Məncə, bu müzakirə mövzusudur. Bu, danışıqlar və elmi araşdırmalar mövzusudur". Əslində isə burada hansısa araşdırma aparılması belə mümkün deyil. Çünki bu aksiomadır ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu səbəbdən bunu yenidən müzakirəyə çıxarmaq, hansısa əlavə fikirlər səsləndirmək sadəcə absurddur. Qeyd edilən səpkidə fikirlər səsləndirmək isə sadəcə erməni dəyirmanına su tökməkdir.

Çox maraqlıdır ki, həmişəki kimi Rüstəm İbrahimbəyov Qarabağ münaqişəsini törədənlərlə onun qurbanı olan azərbaycanlıları eyniləşdirir. Yenə bu hal daha çox erməni təbliğatının işinə yarayır. Lakin Rüstəm İbrahimbəyovun ermənilərin lehinə işləyən fikirləri təkcə bununla məhdudlaşmır. Onun sonrakı fikirləri ilə ermənilərin dünya ictimaiyyətinə sırımaq istədiyi yalan arasında tam bərabərlik işarəsi qoyula bilər: "Bu torpaqlar təkcə azərbaycanlıların deyil. Oranın əhalisi əsasən ermənilərdən ibarətdir. İnanıram ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağda ermənilərlə bir xalq kimi yaşayacaqlar".

Maraqlıdır, Rüstəm İbrahimbəyov nəyə əsasən düşünür ki, Qarabağ torpağı təkcə azərbaycanlıların deyil? Bu torpaqlar məhz azərbaycanlılarındır, ermənilər isə sonradan oraya köçürülən xalqdır. Rüstəm İbrahimbəyov məsələni bu şəkildə qoymaq əvəzinə daha çox ermənilərin işinə yarayan fikirlər səsləndirir və onun bunu bilməyərəkdən etməsi böyük şübhə altındadır. Əslində, guya "ermənilər gedəndən sonra Bakı elitası yoxa çıxıb" deyən Rüstəm İbrahimbəyovdan başqa mövqe gözləmək bəlkə də sadəlövhlükdür. Məhz bel əbir şəxsi ölkənin müxalif qüvvələri birləşərək prezidentliyə namizəd elan ediblər.

Bu gün Azərbaycanın 20 faiz torpağı işğal edildiyi, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz olduğu halda Rüstəm İbrahimbəyov bu cür zərərli, Azərbaycanın milli maraqlarına zidd olan açıqlamalar verir. Özünü Azərbaycan ziyalısı adlandıran bir şəxs bilməlidir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır, 20 faiz ərazilərimiz necə işğal olunub və 1 milyona yaxın soydaşımız qaçqın, məcburi köçkünə çevrilib.

Rüstəm İbrahimbəyovun mövqeyi isə Azərbaycana xoş olmayan münasibətdən irəli gəlir.

Əslində, Rüstəm İbrahimbəyovun ermənipərəst mövqedən çıxış etməsi yeni məsələ deyil. Hələ 4-5 il bundan öncə kino rejissorun mövqeyi ilə bağlı etirazları dilə gətirib. Həmin vaxtlar R.İbrahimbəyov ermənilərlə birgə kino layihələri həyata keçirib, açıq şəkildə ermənilər gedəndən sonra Bakının əvvəlki dəyərini itirdiyini dilə gətirib. Rüstəm İbrahimbəyov Rusiyadan verdiyi bu açıqlamalarla özünün iç üzünü açır, yəni haqqında son vaxtlar formalaşan rəyin heç də təsadüfi olmadığını sübut edir. Belə çıxır ki, o və ətrafındakılar hakimiyyətə gələrək Azərbaycanı ermənilərə dost etmək, Dağlıq Qarabağın mübahisəli ərazi olduğunu reallaşdırmağa çalışacaqlar. Elə bütün bunlar da müxalifətin əsl üzünün nədən ibarət olduğunu göstərir. Bu gün Qarabağ satmağa hazır olanlar, sabah bütün Azərbaycanı əcnəbilərə hədiyyə verərlər. Hər halda onların sərgilədikləri mövqe açıq formada bunu göstərir. Müxalifət lideri olmaq istəyən Rüstəm İbrahimbəyova Qarabağa dair səsləndirdiyi fikirlərə görə etiraz etməyən radikallar belə çıxır ki, onunla eyni fikri bölüşürlər.