64 yaşlı Xalq artisti karantin günlərini necə keçirir? - AÇIQLAMA

2 Aprel 2020 20:30 (UTC+04:00)

“Karantin rejimi elan edildiyi gündən bəri evdə istirahət edirəm, hətta idman aləti almışam ki, hərəkətsiz qalmayım. Amma məəttəl qalmışam, insanlar hələ də küçəyə çıxır. O insanlara daha kim və hansı şəkildə deməlidir ki, çölə çıxmayın, vəziyyət təhlükəlidir. Cənab Prezident və ölkənin birinci xanımı Mehriban Əliyeva, aktyorlar, həkimlər, din xadimləri, idmançılarımız xalqa müraciət ünvanlayıb. Mehriban xanımın dünənki müraciətini oxuyanda kövrəldim. Onun çağırışında ana şəfqəti var idi. Ana kimi dua edərək hər kəsdən evdə qalmağı xahiş etdi. Birinci dəfə idi ki, belə müraciət forması görürdüm. O, hər kəsə Sizin Mehriban deyə müraciət etmişdi”.

Bu sözləri Publika.az-a açıqlamasında karantin günlərini evdə mütaliə və idman etməklə keçirdiyini deyən Xalq artisti Ramiz Novruz deyib. Sənətçi hər kəsi karantin rejiminin qaydalarına əməl etməyə səsləyib:

“Xəbərlərdə görürəm ki, 41 obyekt cərimələnib. Axı nə məcburdur ki, belə bir vəziyyətdə insanları işlədəsən... Bu halda əlimizdən gələn qədər ehtiyacı olan insanlara yardım etməliyik, eyni zamanda dövlətin tapşırıqlarını yerinə yetirmək vətəndaşlıq borcumuzdur. Karantin rejiminin şərtlərinə əməl etməliyik ki, bəladan mümkün qədər tez xilas ola bilək”.

Xalq artisti karantin günlərindən səmərəli şəkildə faydalandığını dilə gətirib:

“Uzun müddətdir təxirə saldığım yazılarım üzərində işləməyə fürsət tapdım. Dünyanı xilas etmək heç vaxt belə asan olmayıb. Evdə oturmağın müsbət tərəflərindən biri də odur ki, həm virusun yayılmasının qarşısını alırsan, həm də mütaliə ilə məşğul olmaq üçün kifayət qədər vaxtın olur. Belə bir deyim var ki, indiyə qədər oxuduqlarımız bilik deyil, bilik indiyədək oxuduqlarımızdan yadımızda qalanlardır. Odur ki, Cəlil Məmmədquluzadənin kitablarını yenidən oxuyuram.

Ağciyərlərimdə əməliyyat keçirmişəm, həkim müayinəsindən keçmək üçün bəzən evdən çıxmalı oluram. Təbbi ki, maska və əlcək geyinməklə”.