Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı sistemin təqdimatı keçirilib

3 Aprel 2020 13:00 (UTC+04:00)

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin təqdimatı olub.

Mövqe.az-ın məlumatına görə, bütün hüquqi və fiziki şəxslərin xüsusi karantin rejimində evdən çıxma qaydalarının təmin edilməsi ilə bağlı icazələr sistemi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilib.

Bildirilib ki, sistem “ASAN xidmət”in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gəlib.

Təqdimat mərasimində Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov sistemin istifadə qaydası haqqında danışıb.

O bildirib ki, sistemdən istifadə qaydaları ilə əlaqədar suallarla bağlı vətəndaşlar “ASAN xidmətin” 9108 Çağrı mərkəzinə müraciət edə bilərlər.

Artıq bu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının “icaze.e-gov.az” portalında yerləşdirilməsinə başlanılıb. Portal artıq saat 10:00-dan etibarən işə düşüb.

Belə ki, müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları bu saatdan etibarən “icaze.e-gov.az”a daxil etməlidirlər.

Qeyd edək ki, aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

- dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları;

- Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

Həmçinin “ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

Eyni zamanda vətəndaşların fərdi qaydada evdən çıxmaları isə yalnız müvafiq bildiriş kodunu 8103 nömrəsinə SMS göndərməklə təmin ediləcək. Bu sistem isə aprelin 5-dən işə düşəcək.

Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün 8103 SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.