Fransada korona xəstələrini müalicə edən azərbaycanlı həkim: Yoluxanlar arasında həmyerlilərimiz də var

6 Aprel 2020 15:19 (UTC+04:00)

Fransada Koronavirusa yoluxanlar arasında azərbaycanlılar da var.

Bu sözləri Publika.az-a Fransada çalışan azərbaycanlı cərrah Aydan Şahniyar Rafiqqızı bildirib.

Aydan xanım 2003-cü ildən Parisin müxtəlif nüfuzlu klinikalarında ümumi cərrahiyə sahəsində çalışır. Hazırda isə Robert Balanje İnterkommunal Mərkəzi Hosptalının (Centre Hospitalier Intercommunal Robert Ballanger) cərrahıdır.

- Aydan xanım, hazırda sürətlə yayılan koronavirus haqda təcrübənizi bölüşməyinizi istəyirəm.

- Koronavirusa yoluxan xəstələrin müalicəsi mərhələyə uyğun aparılır. 50 yaşdan yuxarı xəstələr bu virusa ağır keçirir. Həmin insanlarda xəstəlik çox ağır şəkildə özünü biruzə verir. Bildiyiniz kimi, xəstəliyin gizli periodu var ki, xəstə fərqində olmadan virus onun orqanizmini haldan salır. Həmin müddətdə diaqnoz qoyulmadığından, xəstəlik ağırlaşanda həkimə müraciət etdiyi üçün artıq orta mərhələyə keçmiş olur. Bu zaman da xəstəliyi düzgün müalicə etmədikdə lap ağırlaşır. Hər gün klinikamızda müxtəlif cərrahi əməliyyatlar gerçəkləşdiririk. Elə bu günlərdə əməliyyat etdiyimiz xəstələr reanimasiya otağında ikən 4-ündə COVİD-19 virusu aşkarladıq. Onların yaş həddi 40-dan 70-dək idi. Bu xəstələrin ilkin simptomları 38 dərəcədən yuxarı qızdırma, öskürək idi. Ən əsası isə halsızlıq və iştahsızlıq müşahidə olundu. Virusa yoluxanda immunitet həddən çox zəifləyir. Ağciyəri tomoqrafiya etdik. Koronavirusa yoluxan xəstələrin ağciyərində pnevmaniyadan fərqli olaraq ləkələr formalaşır. Amma dediyim kimi, koronavirus haqda kifayət qədər geniş məlumata sahib deyilik. Selikli qişadan götürdüyümüz analizlə bu diaqnozu dəqiqləşdirib, əməliyyatdan yenicə çıxmış pasientləri müalicəyə yolladıq. Burada isə süni nəfəs aparatını, ürək-damar sisteminin fəaliyyətini göstərən alətləri monitora bağlayıb, nəzarət edirik. Eləcə də bol vitamin qəbul edirlər.

- Koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlər sırasında həmyerlilərimiz varmı?

- Yaşlı azərbaycanlı bəy gəldi. Adının anonimliyini saxlamağımı istədi. Ailəsi və körpə uşaqlarına görə çox narahat idi. Əslinə qalsa, özü də virusa yoluxduğunun fərqində deyildi. Nəzərinizə bir məsələni də çatdırmaq istəyirəm ki, bu xəstəliyin əlamətləri yalnız öskürək və hərarət deyil. Müxtəlik orqanizmlər virusa fərqli şəkildə reaksiya verirlər. Xüsusən də xroniki xəstəliyi olanlardan danışıram. Bu siyahıya diabet, metabolizm, hipertoniya və s. aiddir. Həmin xəstələrdə virus özünü çox ağır şəkildə göstərir. Hazırda həmyerlimiz müalicəsini davam etdirir və yaxşılaşır. Digər xəstəmiz isə azərbaycanlı tələbəmiz Leyla idi. Onun dadiqanozunu qoyduq. Lazımi təlimatları verdim. Hazırda vəziyyəti yaxşıdır.

Sonda xalqımıza üz tutub, bildirmək istəyirəm ki, bəzən xəstəlik özünü göstərməyə bilər. Odur ki, istənilən halda insanlarla yaxın kontaktdan çəkinmək və gigiyena qaydalarına riayət etmək lazımdır. Mütləq şəkildə digər insanlarla məsafə saxlayın. Sağlam olun!