Yağıntılı hava aprelin 9-dək davam edəcək

6 Aprel 2020 15:59 (UTC+04:00)

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 6-sı səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Mövqe.az-a verilən məlumata görə, küləyin maksimal sürəti Bakı, Xaçmaz və Sumqayıtda 22 m/s, Binə, Ələtdə 20 m/s, Zabrat, Maştağada 18 m/s, Pirallahıda 15 m/s, Neft Daşlarında 17 m/s-dək güclənib. Küləkli hava şəraiti aprelin 7-si səhərədək davam edəcək.

Sarıbaş (Qax), Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Biləsuvar və Kişçayda (Şəki) yağış yağıb.

Aprelin 9-dək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.