"Biz bu bəlaya qalib gələcəyik və az itki ilə vəziyyətdən çıxacağıq" - Deputat

6 Aprel 2020 19:45 (UTC+04:00)
Koronavirus pandemiyası elə bir bəlaya çevrilib ki, dünya səhiyyəsi bunun qarşısında aciz vəziyyətdə qalıb. Normal həyat fəaliyyətini iflic vəziyyətə salıb. Bu bəlanın dərmanı və ona qarşı effektiv müalicə metodu tapılmadığından, ən yaxşı variant insanların özünü qorumasından keçir. Bunun üçün də insanlar özlərini təcrid etməlidir. Əgər virusun yayıldığı ilk zamanlarda yaşlı insanlara pis təsir etdiyi qeyd olunurdusa, indi koronavirusun yaşından asılı olmayaraq bütün yaş təbəqələrini qurban kimi hədəf seçir. Hətta Azərbaycanda da kiçik yaşlı uşaqların virusa yoluxma halları qeydə alınıb. Belə olan halda hamımız diqqətli olmalıyıq".Bunu Mövqe.az-a açıqlamasında millət vəkili İlham Məmmədov deyib. O əlavə edib ki, əgər insanlarımız bu məsələdə vətəndaş məsuliyyətini dərk edib ona uyğun davransalar pandemiyadan az itki ilə çıxa bilərik. "Dövlət bu məqsədlə zəruri addımlar atır. Koronavirus infeksiyasına qarşı görülən tədbirlər zərurətdən doğur və hökumətin əsas niyyəti vətəndaşları bu virusdan qorumaqdır. Bu addımların atılması hökumətin nə qədər çevik davrandığını göstərir. Başqa ölkələrlə müqayisədə bizdə pandemiyanın geniş vüsət almamasının da səbəbi budur. Buna baxmayaraq xüsusi karantin rejimini ciddi qəbul etməyənlər da var. Bizim hər birimizin məsuliyyətsiz davranışı və hərəkəti onlarla digər insanın yoluxmasına gətirib çıxara bilər. Özümüzlə yanaşı, ən yaxınlarımızı, valdeyn və övladlarımızı yoluxdura bilərik. Ona görə də bu infeksiyanın nə qədər təhlükəli olduğunu nəzərə alaraq virusdan qorunmaq üçün müəyyən olunmuş müddət ərzində xüsusi karantin rejiminin "Evdə qal" çağırışına və qaydalarına ciddi əməl etməliyik. Bu mübarizədə təkcə dövlətin gücü yetərli deyil, vətəndaşların dəstəyi olmasa, daha çox itki verə bilərik", - deputat qeyd edib. Deputat təəssüflə onu da əlavə edib ki, cəmiyyətimiz milli birlik göstərdiyi halda dövlət başçımızın "Evdə qal" çağırışına hələ də bəzi şəxslər riayət etmirlər. "Ölkəmizdə ciddi karantin rejimi tətbiq edilsə də, bunu pozanlara rast gəlinir. Hesab edirəm ki, bu məsələdə bir vətəndaş və ictimai qınaq da olmalıdır. Ətrafdakı insanlarımız bu qaydları pozanlara qanuna əməl etməyə çağırmalıdır. Onların bu hərəkətinin təkcə özlərinin deyil, ətrafdakılarına da xoşagəlməz nəticələrə göstərəcəyini izah etməlidir. Hesab edirəm ki, belə olarsa biz bu bəlaya qalib gələcəyik və az itki ilə vəziyyətdən çıxacağıq". İnsanlarımız xüsusi karantin rejiminin yaratdığı sosial məsuliyyəti dərk etməlidirlər. Onlar xüsusi karantin rejiminin insanların cəmiyyətdən təcridetmə və yaxud məhrumetmə kimi deyil, vətəndaşlarımızın təhlükəsizliyinin, sağlamlığının təmin etilməsi məqsədi ilə zəruri addım kimi atılan bir addımdır".