Koronavirus radikalların çiçəyini çırtladıb

7 Aprel 2020 07:40 (UTC+04:00)

2020-ci il bəşər tarixində bəlkə də ən ciddi qlobal tədbirlər ili kimi qalacaq. Çünki qarşısıalınmaz koronavirus bəlasına qarşı bütün dövlətlərdə təcridetmə tədbirləri eyni vaxtda və xarakterdə  həyata keçirilir. Söhbət milyonlarla insanın yaşayıb-yaşamayacağı barədədir. Buna görə də tək iclas keçirib qərar qəbul etməklə iş bitmir, bu qərarların yerinə yetirilməsi üçün milyardlarla vəsait ayrılır, köməksizlərə, imkansızlara yardımlar edilir. Azərbaycan bu kampaniyada irəlidə gedənlər sırasındadır. Dövlətimiz öz vətəndaşının qayğısına qalır, halına yanır və əhalini virusdan qorumaq üçün lazım olan hər şeyi edir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan dövlətinin mərhələ-mərhələ gördüyü tədbirləri davamlı olaraq təqdir edir, ayrı-ayrı dövlətlər bu sahədə Azərbaycanı nümunə göstərir və bizdən öyrənməyi tərcih edir. Bütün bunlar, təbii ki, qürurvericidir. Amma buna baxmayaraq, hökumət soyuqqanlılıqla öz işini görür və əhalinin sağlamlığı və virusdan qorunması sahəsində gördüyü bütün işləri öz vəzifəsi kimi görür.

Təəssüf ki, hamının birlik çağırışlarının əksinə olaraq bu məsuliyyətli dövrdə özünü müxalifət adlandıran radikal qüvvələr və onların önündə gedənlərdən biri – Əli Kərimli həmişə olduğu kimi yenə də böhtan çuvalının ağzını açıb. Görünür, məqsədləri ekstremal situasiyadan istifadə edib aranı qarışdırmaqdır. Fikir verin, bu adam sosial şəbəkələrdən yığışmır və hökumətin gördüyü tədbirləri şübhə altına almaq bir yana, əksini izah edərək cəmiyyətdə çaxnaşma yaratmaq istəyir. Məsələn, biz hamımız dükan-bazara gedir, istehlak üçün zəruri ərzağı alırıq və ticarət şəbəkələrində kifayət qədər ərzaq var. Alış-veriş həmişəki qaydasında gedir. Əli Kərimli isə iddia edir ki, hökumət vaxtında tədbir görməyib, ərzaq qıtlığı yaranacaq və sairə. Yaxud, dövlət başçısının sərəncamı ilə yüzlərlə məhkum vaxtından əvvəl həbsdən azad edilir, AXCP sədri isə çığır-bağırla bildirir ki, hakimiyyətin məqsədi həbsdə olanlara virus yoluxdurub məhv etməkdir. Guya, Əli Kərimlinin salam verdiyi cinayətkarlar xalqı arxalarınca apara bilən siyasi xadimlərdir və onların həyatı təhlükədədir. Halbuki, hakimiyyət həbsxasnalarda da eyni qoruyucu tədbirləri görür və məhkumların səhhətinə diqqət ciddi şəkildə artırılıb. Əslində həbsxanalarda olanların xarici aləmlə təmasdan təcrid olunmaları onları qorumaq üçün bir vasitəyə çevrilib. Amma bu məsələ Ə.Kərimlini maraqlandırmır, çünki ona sərf etmir.

Daha bir fakt: hökumətin həyata keçirdiyi xüsusi karantin rejimində qərarı pozanlara qarşı cərimələrin tətbiq edilməsi də radikallar üçün fürsət mənbəyinə çevrilib. Onlar cərimələrin alınmasını pisləməklə açıq-aşkar hökumətin əleyhinə pozucu fəaliyyət göstərmiş olurlar. Çünki bu tədbirlər xalqın sağlamlığını qorumaq üçündür. İntizamsızları müdafiə etməklə onların sırasını genişləndirmək nəinki birliyə qarşı yönəlib, həm də bu işdə cinayət tərkibi var.

Hamı kimi, müxalifətin də əsil siması çətində bilinir. Bu gün bütün ölkənin koronavirusla mübarizə apardığı bir vaxtda radikalların tutduğu mövqe onların xarici qüvvələrə xidmət eləməklərini sübut edən amildir.

N.NOVRUZ