Operativlik, intizam və məsuliyyət virus təhlükəsini azaldır

7 Aprel 2020 08:00 (UTC+04:00)

 

Yusif Səmədoğlunun “Qətl günü” əsərində belə bir aforizm var: “Sevinc gələndə qətrə-qətrə, dərd isə batmanla gəlir”. İndi bütün dünyanı ağzına almış “Covid-19” virusu da batmanla gələn dərddir və hər gün minlərlə insan həyatına son qoyur. Çünki təbabətin tanımadığı xassələrə malik yeni bakteriyalara malikdir və təbii ki, hələ onun müalicə üsulları məlum deyil. Tədqiqat gedir. Sözsüz ki, yaxın gələcəkdə bu bakteriyanı neytrallaşdırıb məhv edən preparatlar tapılacaq.

Ancaq o vaxta qədər bu virus nə qədər insan həyatına son qoyacaq, məlum deyil və bu amil gündəmin əsas mövzusudur.

Çin, İran, daha sonra başda İtaliya, Almaniya, Fransa və İngiltərə olmaqla Avropa ölkələri gözlənilmədən virusun qurbanına çevriliblər. ABŞ bu sıraya sonradan qoşulsa da, virusun tüğyan etməsi baxımından hamını üstələyib. Bir fakta diqqət etmək gərəkdir ki, koronavirus ölkələrdəki həyat səviyyəsinin yüksək, yaxud aşağı olmasının fərqinə baxmadan sürətlə yayılır. Bütün elm adamları və həkimlər bildirirlər ki, hələlik ən yaxşı qorunma vasitəsi təcridolunmadır. Bu işdə işin əsas ağırlığı hökumətlərin üzərinə düşür. Hansı dövlət tez, vaxtında və səmərəli tədbir görməyi bacarırsa, həmin ölkənin əhalisi arasında yoluxma halları daha az baş verir.

Virusun ən çox yayıldığı ölkələrdən olan İran rəsmilərindən biri gileylənib ki, koronavirusun ilk qeydə alındığı Çin Respublikasının hökuməti beynəlxalq ictimaiyyəti aldadıb. Yəni, virusun fəsadları barədə həqiqi məlumatları gizlədərək vəziyyətin qənaətbəxş olması barədə saxta informasiyalar təqdim edib. Bu da digər ölkələrin rəsmi strukturlarında arxayınçılıq yaradıb.

Bəlkə də iranlı hökumət adamı haqlıdır. Amma bu hal vaxtında tədbir görməyən heç bir hökumətə bəraət qazandıra bilməz. Fövqəladə hallara hazır olmaq dövlətin idarə edilməsində başlıca prinsiplərdən biridir. Bu baxımdan Azərbaycan dövlət başçısının və hökumətinin çevik tərpənməsi və əhalinin gündəlik hərəkətində məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi öz səmərəsini verib. Ölkəmiz nəinki regionda, ümumilikdə bütün dünyada koronavirusun ən az yayıldığı dövlətlər sırasındadır.

Hazırda Azərbaycanda xüsusi rejimli karantin dövrü yaşanır. Əhalinin evdə qalması üçün hökumət mühüm qərarlar qəbul edib və bunun maksimum yerinə yetirilməsi üçün müvafiq tədbirlər görülür. Həyati zəruri işlərin görülməsi üçün hər bir şəxsin evdən çıxması xüsusi icazə ilə baş verir. Bu, birbaşa təmasların aradan qaldırılması üçündür. Məqsəd, mühit olmaq etibarı ilə aprel ayının hava şəraitinin yeni tip koronavirusun yayılması ehtimalının yüksək olması səbəbincə, mümkün yoluxmanın qarşısının alınmasıdır.

Təbii ki, bu zaman haqlı sual meydana çıxlır: bəs, evdə oturmaqla iş görmək, yaşayış üçün vəsait qazanmaq necə olsun? Axı, gəzməyi, əylənməyi təxirə salmaq olar, qidalanmağı isə yox. Ərzaq pul, pul isə işləməyi tələb edir. Azərbaycan hökuməti əhalinin sağlamlığının qorunması üçün indiyədək qurulub-yaradılan sosial qayğı proqramını davam etdirir. Yəni, evdə oturanlar məvaciblərini alacaqlar. Muzdla işləyənlərə isə dövlət tərəfindən lazımı müavinət veriləcək.

Bundaqn başqa, yoluxmuş xəstələrin tam hazırlıqlı xəstəxanalarda müalicə olunması, xaricdən vətənə qayıdan vətəndaşlarımızın ən rahat otel və istirahət mərkəzlərində karantinə alınaraq tibbi yoxlamadan keçirilməsi və dava-dərman, habelə qoruyucu vasitələrlə vaxtında təchizat işinin yüksək səviyyədə təşkil edilməsi koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısını alıb.

Lakin təhlükə hələ ötüşməyib. Əhalinin səbir və təmkinlə hökumətin tədbirlər planında nəzərdə tutulmuş qadağalara əməl etməsi və özünütəcrid prosedurunu davam etdirməsi bu gün aparılan antivirus fəaliyyətin başlıca atributlarıdır. Necə deyərlər, hökumətdən hərəkət, əhalidən bərəkət! Birlik hazırkı günlərin qələbəyə gedən yoludur.

N.NOVRUZ