Düşmən yeni aprel dərsləri istəyir

7 Aprel 2020 12:08 (UTC+04:00)
Elman Məmmədov: "Yaranmış vəziyyətdə düşmənə elə bir zərbə vurulmalıdır ki, ermənilərin bir daha ayağa qalxmağa, o zərbələrimizə cavab verməyə halı olmasın" Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təxribatları davam edir. Son dövrlər ümumiyyətlə, İrəvan əsasən də sərhəd zonasında atəşkəsi pozmaqla məşğuldur. Belə hallar son zamanlar özünü daha çox da məhz Qazax istiqamətində göstərir. Burada işğalçı ölkə Qazax istiqamətində atəşkəsi hələ də intensiv şəkildə pozmaqda davam edir. Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, İrəvanın Qazax istiqamətində təxribatlara son qoymaması onların hiyləgərliyilə bağlıdır: "Azərbaycan sərhədçiləri Qazax istiqamətində yerləşdiyi vaxtdan məqsədyönlü, dəyərli, uğurlu addımlar ataraq, mövqelərimizdə möhkəmləndi. Bu, elə mövqelərdir ki, həmin ərazilərdən Ermənistanın ən yaxın ərazilərini tam nəzarət altına almaq mümkündür. İrəvanın Qazax istiqamətində təxribatlara son qoymaması isə erməni bicliyi və hiyləgərliyindən doğur. Belə təxribatlarda düşmənin məqsədi özlərinin üzv olduğu və Moskvanın rəhbərliyi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini guya Azərbaycanın Ermənistan ərazilərini atəşə tutmasına yönəltməkdən ibarətdir. Belə ki, KTMT-nin nizamnaməsinə görə, təşkilat üzvlərindən hansısa birinin ərazisi təhlükəyə məruz qalsa, qurumun digər üzvləri ona kömək etməlidir. Bu kimi təxribatlarda da düşmənin əsas məqsədi məhz budur ki, belədə KTMT-dən silah və canlı qüvvə istiqamətində kömək ala bilsinlər". Deputat qeyd etdi ki, İrəvanın bu təxribatları həmin istiqamətdə işğalçı düşmənin atəş nöqtələrinin məhv edilməsinə gətirib çıxara bilər: "Belə təxribatlar davam edəcəyi təqdirdə həmin istiqamətdə düşmənin atəş nöqtələrini susdurmaqla kifayətlənməyərək, bu axmaqlığa görə işğalçının öz ərazisinə də daxil ola bilərik, buna gücümüz də çatır. Ancaq Azərbaycan bunu etmir, çünki bu, düşmən təxribatıdır və məqsədləri də "dostlarının" diqqətini bura cəlb etməkdən ibarətdir. Hər halda yaranmış vəziyyətdə düşmənə elə bir zərbə vurulmalıdır ki, ermənilərin bir daha ayağa qalxmağa, o zərbələrimizə cavab verməyə halı olmasın. Necə ki, Naxçıvan istiqamətində gözəl bir taktiki gedişlə Azərbaycan Ordusu bir sıra yüksəklikləri əldə edib. Nəticədə Ermənistanın böyük bir magistral yolu Azərbaycan Ordusunun nəzarəti altına düşüb. Erməni məkirliyi və təxribatlarının cavabını vermək, onların bu fəaliyyətinə son qoymaq üçün olan-qalan hərbi güclərini darmadağın etməklə ərazilərimizdən çıxarmalıyıq. Sərhəd bölgəsində isə hər atəş açdıqları yerləri elə dağıtmalıyıq ki, ordan bir daha atəş səsi gəlməsin. Başqa cür onları başa salmaq olmur. Ermənistan danışıqlarla, qərar və qətnamə ilə nəyisə adam kimi başa düşməyəcək. Çünki onların adamlıqdan, insanlıqdan xəbərləri yoxdur. Ona görə də düşməni güclə, zorla başa salmalıyıq. Hərbi gücümüzü işə salıb, düşməni qandırıb yerində oturtmaq lazımdır ki, bir də belə işğalçılıq meylində olmasınlar" R. SOLTANOV