“Qarabağ klanı” ilə Paşinyanın Azərbaycan torpaqlarında davası böyüyür

7 Aprel 2020 12:17 (UTC+04:00)
Xəbər verildiyi kimi, separatçı Dağlıq Qarabağ rejimi tərəfindən martın 31-də qondarma "prezident" və "parlament seçkiləri" keçirilib. Seçkinin nəticələri İrəvanla Xankəndindəki separatçı rejim arasında ziddiyyətləri daha da dərinləşdirdi. Separatçı rejim daxilində "Qarabağ klanı"nın gücü hələ kifayət qədərdir. Onların bu fonda asanlıqla mövqelərini təhvil verəcəkləri, mövcud vəziyyətlə razılaşacaqları da gözlənilmir. Qondarma rejimdəki seçkilər fonunda Ermənistanla burada separatçılar arasında ziddiyyətlərin dərinləşməsi bəs, nəyə gətirib çıxaracaq? Politoloq Natiq Miri qeyd etdi ki, bir müddət "Qarabağ klanı" və onun timsalında qondarma rejimin hazırkı nümayəndələri müəyyən dərəcədə İrəvana müqavimət göstərməyə çalışacaq. Ancaq son nəticədə onlar məğlubiyyətlərilə barışmalı olacaqlar: "Azərbaycanın işğal olunmuş ərazilərində qondarma seçkilərin keçirilməsi və ilk turda ortaya çıxan nəticələr İrəvanla separatçı rejim arasında ziddiyyətlərin getdikcə kəskinləşdiyini göstərmir. Bildiyiniz kimi, separatçı Dağlıq Qarabağda keçirilən qondarma "seçkilərin" nəticələri əsasən iki namizədin önə çıxmasına şərait yaradıb. Bu insanlar da bilavasitə Ermənistan baş naziri Nikol Paşinyanın dəstəklədiyi namizədlərdir. Bu faktın özü göstərir ki, "Qarabağ klanın"ndan Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları artıq bezib. Yəni, birinci turun nəticələri İrəvanla "Qarabağ klanı" arasında hansısa kəskin mübarizənin getdiyini göstərmir. Çünki Paşinyanın dəstəklədiyi namizəd 49,56 faiz səs alıb. Bu faktın özü göstərir ki, Dağlıq Qarabağın Azərbaycan vətəndaşları olan erməni əsilli əhalisi sözün əsl mənasında Sarkisyan və Köçəryanın "Qarabağ klanı"ndan bezib. Bu da dolayısı ilə Köçəryan hökumətinin mövqeyini Qarabağda gücləndirən siyasi amildir. Hətta 20 faizdən bir qədər artıq səslə ikinci tura müəyyən mənada Paşinyana yaxın olan digər namizəd Masis Mailyanın keçməsi də onu göstərir ki, "Qarabağ klanı"nın dəstəklədiyi, Rusiyanın da dəstək verdiyi namizədlər ikinci turdan kənarda qalıblar. Ona görə də gələcək perspektivdə İrəvanla separatçı rejim arasında hansısa ciddi çaxnaşmaların olması perspektivindən danışmaq mümkün deyil. Çünki qondarma seçkilər "Qarabağ klanı"na ciddi zərbə vurdu. Artıq Ermənistandakı Paşinyan hökuməti hərbi-siyasi cəhətdən Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində hərbi və siyasi mövqeyini gücləndirmiş olacaq. Bu da Paşinyanın işğal edilmiş ərazilərə nəzarət etməsi anlamına gəlir. Ona görə düşünürəm ki, yaranmış vəziyyətdə Paşinyan hökumətinin mövqelərinin tək işğal olunmuş Qarabağ ərazisində deyil, eyni zamanda müəyyən mənada Ermənistanda da güclənməsi anlamına gəlir. Düşünürəm ki, bundan sonra münaqişənin həlli üzrə danışıqlar masası arxasında Paşinyan hökumətinin deməyə sözü də qalmayacaq. Ona görə ki, dünənə qədər Qarabağ zonasında Paşinyan hökumətinin belinin bağlı olmadığı və hər an təxribatlar tördilə biləcəyi deyilirdisə, siyasi hakimiyyətin ələ alınmasından sonra İrəvana Xankəndində hərbi siyasi vəziyyətə nəzarəti də təmin etmək mümkün olacaq. Doğrudur, bu müəyyən mənada zaman alacaq. Çünki işğal olunmuş ərazilərdə "Qarabağ klanı" və Rusiyanın maraqlarına xidmət edən xeyli sayda güclü hərbi xunta təmsilçiləri, generalitet var. Onlar da mövcud vəziyyətlə barışmayaraq hələ ki, müəyyən dərəcədə müqavimət göstərməyə çalışacaqlar. Ona görə də Paşinyana seçkilərdən sonra da Qarabağda öz mövqeyini gücləndirmək üçün müəyyən zaman lazım olacaq. Ancaq bundan sonra artıq Paşinyanın Qarabağ məsələsilə bağlı masada hansısa təkliflər əsasında detallı müzakirələrə başlamaq məcburiyyəti yaranacaq". Rüfət NADİROĞLU