176 məhbusun əfvi hüquqi dövlətçilik və humanizm prinsiplərindən doğan hadisədir - Aydın Quliyev

7 Aprel 2020 12:39 (UTC+04:00)

Azərbaycanda növbəti əfv sərəncamı müstəqil dövlətçilik tarixində davamlı həyata keçirilən humanitar və hüquqi dövlət aktlarının davamı olsa da, bir sıra özəlliklərə malikdir, əvvəlkilərdən fərqlənir və təqdirəlayiqdir.

Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, hər şeydən əvvəl əfvin həyata keçirildiyi dövr xüsusi xarakterlidir və diqqət çəkir: “Eyni vaxtda həm başqa ölkələri çökdürmüş koronavirusla uğurlu mübarizə aparmaq, həm də çox zəruri sayılan sosial və humanitar aktları ardıcıl həyata keçirmək sözsüz ki, dövlətin gücünü və rəhbər tutduğu prinsiplərin böyüklüyünü göstərir. Bir daha nümayiş olunur ki, istənilən yerdə, istənilən vaxtda dövlətin dəstəyinə həyati ehtiyac hiss edən vətəndaşların dəstəklənməsi bütünlüklə ölkəyə baş ucalığı gətirən amildir. Diqqət yetirməli çox incə bir məqamdır ki, Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrinə səpələnmiş 15 minə yaxın vətəndaşını çox çətin şərtlər daxilində koronavirusla mübarizə çərçivəsində ölkəyə qaytarmağın ardınca yaşı 65-dən yuxarı olan 176 məhbusun əvf aktını həyata keçirir. Biz bir daha görürük ki, daxildə də, xarici ölkələrdə də Azərbaycan vətəndaşlarının problemlərinə həssas münasibət dövlət siyasətinin vacib prinsipi kimi icra edilir. Əfv sərəncamında diqqət çəkən amillərdən biri də odur ki, bəzi başqa ölkələr öz yaşlı vətəndaşlarını koronavirusla mübarizədə taleyin ixtiyarına atdığı halda, Azərbaycan dövləti bu yaşda insanların həm xəstəlikdən qorunması, həm də məhbus həyatından azad edilməsi kimi müstəsna humanist siyasət həyata keçirir. Daha bir vacib məqam əfv siyahısının tərtibat prinsipləri ilə bağlıdır. Yəni siyahıya adları düşən şəxslərin hansı meyarlarla dəyərləndirilməsidir. Biz bu sərəncamda insanların yaşı ilə bərabər onların normal həyata qayıdacaqlarına olan inamı və cəmiyyətdən edilən müraciətlərin də nəzərə alındığını görürük. Başqa sözlə desək, əfv aktı zamanı həmin dustaqların fərdi xüsusiyyətləri ilə yanaşı, ictimai rəy də əsas götürülüb. 176 məhbusun əfvi hüquqi dövlətçilik və humanizm prinsiplərindən doğan hadisədir”.