“JP Morgan” ABŞ iqtisadiyyatında ciddi tənəzzül olacağını proqnozlaşdırır

7 Aprel 2020 14:40 (UTC+04:00)
"JP Morgan" bankının rəhbəri Ceyms Daymon koronavirus səbəbi ilə ABŞ iqtisadiyyatında 2008-ci ildəki qlobal maliyyə böhranından sonra yaranmış vəziyyətə bənzəyən tənəzzülün olacağını proqnozlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. O, mənfi iqtisadi vəziyyətin bankın fəaliyyətinə də təsir edəcəyini vurğulayıb. C.Daymonun sözlərinə görə, "JP Morgan" hökumətlə işləyir, lakin bu günə qədər heç bir yardım istəməyib. Onun fikrincə, tənzimləyicilər kapitalın daha sərbəst hərəkətinə imkan yaratmaq üçün bəzi tələbləri dəyişdirə bilər. C.Daymon vəziyyət normallaşdıqda iqtisadi siyasətə yenidən baxmaq və maliyyə-iqtisadi sistemləri düzəltmək üçün əlavə tənzimləmə dəyişikliklərinə ehtiyac olub-olmadığını müəyyənləşdirmək lazım gələcəyini vurğulayıb. Qeyd edək ki, ABŞ dünyada yeni növ koronavirusa yoluxma hallarının sayına görə liderdir. Federal və yerli hökumət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin ən son məlumatına görə, ABŞ-da 360 759 koronavirusa yoluxma halı qeydə alınıb. 10 689 nəfər isə pandemiyanın qurbanı olub.