Ombudsman Səbinə Əliyeva əfv sərəncamının icrasında iştirak edib (FOTO)

7 Aprel 2020 16:11 (UTC+04:00)
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 06 aprel 2020-ci il tarixdə "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq,176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamının icrası ilə əlaqədar Ombudsman Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 və 10 saylı cəzaçəkmə müəssisələrində olub. Ombudsman S.Əliyeva əfv sərəncamının icrası prosesi ilə bağlı təşkil olunmuş tədbirlərdə məhkumları əfv olunmaları münasibətilə təbrik edib. O, dövlət başçısının bu addımının əfv olunan şəxslərə, onların ailələrinə, yaxınlarına, həmçinin bizlərə də böyük sevinc bəxş etdiyini, ölkədə həyata keçirilən islahatların, davamlı əfv sərəncamlarının bütün dünya ictimaiyyəti tərəfindən müsbət qarşılandığını bildirib. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev hər zaman çoxşaxəli fəaliyyətində humanizm siyasətinə, insan hüquqlarının təmininə önəm vermiş və bu siyasət hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da bu sahədə geniş fəaliyyəti diqqətə çatdırılıb. Müvəkkil müstəqillik dövründə Azərbaycanda dövlətimizin humanist siyasəti nəticəsində qısa müddət ərzində 66 əfv sərəncamının imzalandığını, 11 Amnistiya Aktının qəbul olunduğunu, nəticədə isə minlərlə insanın azadlığa buraxılaraq ailələrinə qovuşduğunu söyləyib. Əfv sərəncamının icrası zamanı Ombudsman Səbinə Əliyeva azadlığa buraxılan hər kəsi öz ailəsinin yanında olmağı, sağlamlıqlarını qorumağı, yaşlarını nəzərə alaraq koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı xüsusi karantin qaydalarına riayət etməyi, dövlətçiliyimizə sadiq olmağı tövsiyə edib. Yekunda bu müəssisədəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim olunub. Azadlığa qovuşan şəxslər əfv sərəncamlarına və amnistiya aktlarına, insan hüquqları sahəsində humanist addımlara görə dövlət başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Qeyd olunmalıdır ki, bu əfv sərəncamı ilə 10 məhkum Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən Ombudsman tərəfindən verilən müraciətlər nəzərə alınmaqla azadlığa buraxılıb.