Dolaşıq vəziyyət Ermənistanda pik nöqtəsinə çatıb

8 Aprel 2020 09:15 (UTC+04:00)

 

İndiki koronavirus dövründə bütün ölkələrdə həyəcanlı anlar yaşanır. Hökumətlər və xalqlar bütün səylərini pandemiyanın aradan qaldırılmasına yönəldib. Təbii ki, özünü dövlət kimi göstərmək istəyən ermənistan hökuməti də bu istiqamətdə çalışmaq istəyir. Amma görülən tədbirlər faydasız olur. Çünki virusa yoluxanların sayı sürətlə artır. Məsələ burasındadır ki, bu bəlanın qarşısını almaq üçün güclü maliyyə qaynağı, tam səlahiyyətli hakimiyyət və iqtidar-xalq birliyi mühüm şərtdir. Baş verənlərdən göründüyü kimi bunlar Ermənistanda yoxdur və baş nazir Nikol Paşinyan, necə ki, hakimiyyətə xalqın başını aldatmaqla gəlib, eləcə də koronavirusa qarşı mübarizəni aldadıcı nitqləri ilə aparır.

Rusiyanın quyruğundan tutub sürünə-sürünə irəliləyən bu ölkənin baş naziri indi də diqqəti cəlb etmək üçün Rusiya prezidenti Vladimir Putinin çığırı ilə getmək istəyir. Tez-tez xalqla birbaşa efirdə görüşməyə, onların suallarını cavablandırmağa üstünlük verir və bunu bütün digər “soros uşaqlarının” adət etdiyi kimi sosial şəbəkədə həyata keçirir. Əslinə qalsa, Paşinyan üçün bu, yeni ünsiyyət formatı deyil. “İnqilab”ın ilk dövründə o bu istiqamətdə daha fəal idi. Ancaq sonralar baş nazir kreslosunda özünü inamlı hiss etdikcə birbaşa ünsiyyətə meyil etdi. İndi isə vəziyyət əvvəlki məcrasına qayıdır. Daha erməni cəmiyyəti Paşinyanın nağıllarına ləbbey demir. O, dayaqlarını itirir. Ona görə ki, quraşdırdığı nağılların hamısı nağıl olaraq qalıb.

Hazırda Ermənistanda olan fövqəladə vəziyyət rejimində köhnə formata qayıtmaq baş naziri gözləyən hakimiyyət dəyişikliyi xofundan azad edə bilməyəcək. Çünki əhali nəzəri söhbətlər yox, operativ tədbirlər həsrətindədir. Paşinyan isə xalqla ünsiyyətə girməklə onu həyəcanlandıran problemləri invertarlaşdırmaq niyyəti güdür.  Amma koronavirusun tüğyan etməsi əhalinin vecsiz erməni siyasətinə münasibətini dəyişib. “1in.am” saytının yazdığına görə bu cür ünsiyyət Paşinyanı tənqid etmək üçün yaxşı fürsət yaradır. 

İş burasındadır ki, hakimiyyət komandasının özündə də daxili şübhələr getdikcə güclənir.

“İrates” qəzeti qeyd edir ki, Paşinyanın komandasında ciddi metamarfoza baş verir, komanda üzvləri bir-birinə dərin təəccüblə baxırlar. Belə ki, xəstəxanalar və otel otaqlarının çarpayı yerləşdirilməklə çadır şəhərciyinə çevrildiyi bir vaxtda Nikol Paşinyan öz ailəsi ilə istirahət günlərini keçirmək üçün Göyçə gölünə yollanır və sadəcə cümə günü iş otağında belə bir məlumat qoyur ki, bazar ertəsi qayıdacaq və xalqla ünsiyyətə girəcək, camaatı maraqlandıran suallara cavab verəcək.

Həmin vaxt isə “Siyasi iqtisad” tədqiqatlar institutunun rəhbəri Andranik Tevanyan dad döyür ki, “biz ən pis anlamda regional İtaliya ola bilərik”. Bununla o, İtaliyada virusun törətdiyi kütləvi ölümlərin Ermənistanda baş verməsi ehtimalının yüksək olduğuna işarə edir. “Hökumət profilaktika dövrünü boşa verib və faktiki olaraq koronavirusun yayılmasına şərait yaradıb.

Virusun yayılması xəbəri gələndə Ermənistan hökuməti camaatı yığıb referendum keçirmək təbliğatı aparırdı”, -  deyə Tevanyan hökuməti yıxıb sürüyür. O, Azərbaycan və Gürcüstanı misal gətirərək öz ölkəsinə örnək göstərir. Bu isə artıq Paşinyana qarşı siyasi müxalifətin fəallaşması anlamına gəlir. Hazırda 1000 nəfərə yaxın yoluxmuş xəstəsi olan Ermənistanda bir həftə sonra bu rəqəmin bir neçə min olacağı ehtimal olunur. Belə getsə, Paşinyanın devrilməsi üçün daha hansısa saxta inqilaba belə ehtiyac qalmayacaq. Çünki erməni cəmiyyətində nəyəsə nail olmaq üçün onun altını üstünə çevirmək lazımdır. Əks halda, bu dövlət nəinki regionda, hətta ölkənin daxilində də ən böyük parazit olaraq qalacaq.

N.NOVRUZ