Koronavirus dünya nizamını dəyişir

8 Aprel 2020 10:43 (UTC+04:00)

Koronavirus təhlükəsi hələ də çoxsaylı can almaqdadır. Eyni zamanda, yaranmış vəziyyətdə dünya ölkələrinin əksəriyyətinin iqtisadiyyatı çöküb. Pandemiya demək olar ki, əksər ölkələrə ciddi ziyan vuracaq. Onların içərisində hazırda dünyaya hegemonluq edən dövlətlərin də olması özünü göstərir.  Bu fonda iddialar səslənir ki, koronavirus problemi dünya iqtisadiyyatı və geosiyasətində artıq mühüm yeniliklərə gətirib çıxaracaq.
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, dünya yeni texnoloji səviyyəyə qədəm qoyacaq: “Dünyanın bir sıra məşhur analitikləri bu qənaətdədir ki, koronavirus yaşadığımız məkanın siyasi və iqtisadi mənzərəsində müəyyən dəyişikliklərə gətirib çıxaracaq. Bir neçə gün öncə dünyaca məşhur Henri Kisincer də bu məsələ ilə bağlı maraqlı fikirlərlə çıxış edib. Doğrudan dünyanın sanki yenidən format olunması,  iqtisadi və siyasi münasibətlərin dəyişdirilməsi yönündə bir proses başlayıb.  Belə vəziyyətdə dünyanın yeni texnoloji səviyyəyə keçməsi qaçılmazdır”.
Yaranmış durumda həmsöhbətimizə görə, dövlətin rolu artacaq: “Distansion işdən tutmuş, internet üzərindən sifarişlərin olması və bu tip sifarişlərin önə keçməsi, elektron vəsaitlərdən, nağdsız ödənişlərdən istifadə daha da sürətlənəcək. Belədə, iqtisadiyyatın yeni yaranmış formaları  daha da genişlənəcək. Bütün dünyada dövlətin rolu artacaq. Keçən əsrin 30-cu illərindəki böhrandan sonra dünyada dövlətin rolu daha da artdı.  Məhz dövlətin atdığı addımlar sayəsində iqtisadi böhrandan çıxmaq mümkün oldu. İndi də sanki ona doğru geri dönürük. Dövlətlər böyük iqtisadi yardım proqramları ilə çıxış edir. Belədə iqtisadiyyatda əsas oyunçu rolunda görünür, bir müddət dövlət çıxış edəcək. Halbuki, İkinci Dünya Müharibəsindən sonra dünyada liberal iqtisadi model daha öndə idi.
Dünyada dövlətin rolu artdıqca geosiyasi anlamda da maraqlı proseslər gedir. Təhlükəsizlik məsələləri daha önə çıxır. Bəzi vətəndaş hüquqlarının daralması artıq bir brendə çevrilir. Bunun müsbət tərəfi odur ki, dözlətin nəzarəti gücləndikcə cinayətkarlıqla mübarizəyə nəzarət daha da güclənəcək. İqtisadi anlamda dövlət tərəfindən çoxsaylı iqtisadi yardım paketləri açıqlanıb. Dünyada ümumiyyətlə, 12 trilyon dollarlıq bir paket açıqlanıb. Bu da dünyanın ümumdaxili məhsulunun 15-20 faizi deməkdir.  Həmin rəqəm onu göstərir ki, dövlət pul ayırırsa, deməli, sifarişi də o edir. Belədə, sanki 30-cu illərdə testdən keçən iqtisadi modelə qayıdırıq. Bu zaman texnoloji proseslərin genişlənməsi nəzərdə tutulur. Əslində, bu fonda maraqlı bir dövrə qədəm qoyuruq. Postvirus dönəmi iqtisadi və geosiyasi anlamda maraqlı olacaq. Amma bir müddətdən sonra yenidən liberal dalğa geri dönəcək.  Son 200 ilə nəzər yetirdikdə görürük ki, hər zaman dövlət iqtisadiyyatı növbəti mərhələdə liberal dalğa ilə əvəzlənir.  Nəticədə yaxın 10 ildə dalğalı dünyanı hiss edəcəyik”.
N. Cəfərliyə görə, yaranmış situasiyada hazırda dünya hegemonu olan ABŞ-ın öz rolunu itirəcəyi barədə səslənən fikirlər inandırıcı deyil: “Potensial məsələsi var. ABŞ-ın ən böyük üstünlüyündən biri dollar çap etməsidir. Dünya isə hələ də dollarla idarə olunur. Hazırda da gördüyümüz kimi, böhranlı vəziyyətlərdə ən çox bahalaşan dünya valyutası yenə də dollardır. Dollara tələbat artıb. Bu nöqteyi-nəzərdən ABŞ-ın öz mövqeyini asanlıqla əldən verəcəyini düşünmürəm. Bu mümkün görünmür. Lakin Çin daha da yüksəlməkdə davam edəcək. Çindəki problem idarəetmə ilə bağlıdır. Çin maksimum hara qədər irəliyə bilərdisə, ora qədər də gəlib. Bu ölkədə artıq keyfiyyət dəyişikliklərinə ehtiyac var. Çinin iqtisadi modeli o qədər də dərin model deyil və onun gələcəyi şübhə altındadır. Bu səbəbdən Çində idarəetmə və mülkiyyət toxunulmazlığı ilə bağlı böyük dəyişikliklərə ehtiyac var”.
Ekspert qeyd etdi ki, ideoloji baxımdan postkoronavirusun ilk dövrlərində sağ cərəyanlar güclənəcək: “Təəssüf ki, ilk illərdə aşırı sağ qruplar, millətçilər, dövlətçilik nəzəriyyəsinin uc nöqtələrində dayananlar önə çıxacaq. Dünya siyasətinə daha militarist dalğaların gəlməsini də görə bilərik. 5-10 il müddətinə belədə daha çox sağçı qüvvələrin önə çıxmasının şahidi olacağıq. Amma bu da uzun sürməyəcək”.
Rüfət NADİROĞLU