Tiflisdən ölkəmizin maraqlarına toxunacaq təhlükəli addım

10 İyul 2013 08:34 (UTC+04:00)

Ötən ilin oktyabrında qonşu Gürcüstanda keçirilən parlament seçkilərində qalib çıxan "Gürcü Arzusu" koalisiyasının hökumətə gəlişindən sonra vaxtaşırı gündəmə gələn məsələlərdən biri də Abxaziyadan keçən dəmiryolunun açılmasıdır. Bu dəmiryolunun açılması həm də Rusiya ilə Ermənistan arasında birbaşa dəmiryolu əlaqəsinin bərpa edilməsi deməkdir.

Məhz bu səbəbdəndir ki, Azərbaycan birmənalı şəkildə Ermənistanla Rusiya arasında əlaqəni təmin edən bu xəttin işə düşməsiniistəmir. Xatırladaq ki, 17 yanvar 2013-cü ildə baş nazir Bidzina İvanişvili Ermənistanda səfərdə olarkən Abxaziya üzərindən Ermənistan və Rusiyanı birləşdirən dəmir yolu xəttinin açılmasının mümkün olduğunu bildirmişdi. İvanişvilidən sonra cari ilin martın 7-də Ermənistana səfər edən Gürcüstanın müdafiə naziri İrakli Alasaniya da analoji bəyanatla çıxış etmişdi. Lakin separatçı Abxaziya rejimi dəmiryolunu açılmasını rədd deir. Bu səbəbdən sözügedən dəmiryolu işə düşmür. Buna rəğmən Gürcüstan tərəfi həmin dəmiryolunun işə salınmasında maraqlı olduğunu indi də bəyan edir. "Gürcüstan Dəmir Yolları" ASC-nin baş direktoru Mamuka Baxtadze bu xususda yeni açıqlamalar verərək hesab edir ki, Abxaziya ərazisindən keçməklə Rusiya ilə dəmir yolu əlaqəsinin bərpa edilməsi heç bir halda Bakı-Tiflis-Qars dəmiryolu magistralının tikintisinə zidd deyil: "Əksinə, dəmir yolunun Abxaziya hissəsinin açılması ilə biz real olaraq üç istiqamət əldə etmiş oluruq: Abxaziyadan Türkiyəyə qədər cənub istiqaməti; əsas xətt - Qara dəniz istiqamətində Şərq-Qərb dəhlizi; şimal istiqaməti" Baxtadze "İmedi" telekanalının "Qlavnıy faktor" verilişində bununla yanaşı, vurğulayıb ki, bu layihənin həyata keçirilməsi hər şeydən əvvəl siyasi məsələdir: "Mən "Gürcüstan Dəmir Yolları" ASC-nin baş direktoru olaraq yalnız iqtisadi və texniki məsələlər barədə danışa bilərəm". Onun sözlərinə görə, dəmir yolunun Abxaziyadan keçən hissəsi hələ 2005-ci ilin oktyabr ayında ətraflı öyrənilib, o zaman Gürcüstan hökumətinin tapşırığı ilə mütəxəssislər dolğun hesabat hazırlamışdılar: "İnqiri stansiyasından (Gürcüstan-Abxaziya sərhədində) Rusiya sərhədinə qədər dəmir yolu xətti təxminən 190 km təşkil edir. Hazırda Rusiyadan Suxumi istiqamətinə qeyri-sabit əlaqə mövcuddur". M.Baxtadze əlavə edib ki, Suxumi-Oçamçira hissəsi artıq bərpa edilib, Oçamçira-İnqiri hissəsinə gəlincə, bu hissəni faktiki olaraq sıfırdan başlayaraq bərpa etmək lazımdır. Baş direktor Abxaziya dəmir yolunun bərpasının neçəyə başa gələcəyi barədə konkret rəqəm söyləməyib: "Əgər müddət barədə danışsaq, hesab edirəm ki, siyasi iradə olarsa və mövcud resurslar səfərbər edilərsə, buna 18 ay tələb olunacaq".

Xatırladaq ki, Gürcüstanın baş naziri Bidzina İvanişvili bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bəyan edib ki, Abxaziya ərazisindən keçməklə Rusiya ilə dəmir yolu əlaqəsinin bərpa edilməsini həddindən artıq siyasiləşdirilmiş məsələ hesab edir: "Təbii ki, bu dəmir yolu açılmalıdır. İstənilən yeni kommunikasiya bizim Abxaziya ilə münasibətlərimizi yaxşılaşdıracaq. Lakin təəssüf ki, bu məsələ son dərəcə siyasiləşdirilib". Onun sözlərinə görə, məhz bu səbəbdən Gürcüstan tərəfi məsələyə ehtiyatla yanaşır: "Biz çox ehtiyat edirik, çünki bütün maraqlı tərəflərlə, o cümlədən Rusiya ilə və xalq diplomatiyası vasitəsilə Abxaziya ilə aydınlaşdırılmalı olan məsələlər var".

Beləliklə, "Gürcüstan Dəmir Yolları" ASC-nin baş direktoru Mamuka Baxtadzenin açıqlamalarından sonra burada iki təhlükəli məqam özünü qabarıq surətdə büruzə verir. Bunlardan birincisi Abxaziya dəmiryolunun açılması ilə Rusiya və Ermənistan arasında əlaqələrin daha güclü hala gəlməsidir. İkincisi isə, bunun Bakı-Tiflis-Qars dəmiryoluna mümkün mənfi təsiridir. Yeri gəlmişkən qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Bakı-Tiflis-Qars dəmiryolu dəmiryolunun Gürcüstan hissəsinin tikinti işləri ilə tanış olarkən olduqca bədbin fikirlər səsləndirib. Samtsxe-Cavaxeti regionunda tikinti işləri ilə tanış olan M.Saakaşvili bildirib ki, Bakı-Tiflis-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisinin başa çatdırılması üçün hələ 2 il vaxt lazımdır: "Bu gün mən əmin oldum ki, bizim hissənin tikintisi nə bu il, nə də gələn il tamamlanacaq, yalnız iki ildən sonra başa çatacaq. Mən prezident kimi bu ilin sonunadək bu dəmiryolunun açılışını etmək niyyətindəydim, lakin təəssüf ki, bu olmayacaq". M.Saakaşvili vurğulayıb ki, BTQ dəmiryolunun açılışının vaxtının dəyişdirilməsi iqtisadi layihələri, o cümlədən Əfqanıstandan ABŞ qoşunları və silahlarının bu yolla çıxarılması layihəsini poza bilər.

Digərə tərəfdən daha bir reallıq odur ki, Abxaziya və Cənubi Osetiya problemləri Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll edilmədiyi müddətdə Gürcüstanın Abxaziya dəmir yolunun açılmasına razılıq verməsi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini de-fakto tanıması deməkdir. Rusiyanın və Cavaxetiya məsələsi fonnuda Moskvanın yardımı ilə Ermənistanı güclənməsi isə hazırda Gürcüstanın da strateji maraqlarına xidmət etmir.