Koronavirus Qarabağ ermənilərinin də axırına çıxır

9 Aprel 2020 10:04 (UTC+04:00)

Koronavirus Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə də gedib çıxıb. Belə ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində koronavirusa ilk yoluxma faktı qeydə alınıb. “Novosti Armeniya”nın yazdığına görə, Dağlıq Qarabağdan iki nümunə Ermənistana test üçün göndərilibmiş. Onlardan birinin nəticəsi müsbət çıxıb.

Məlumatda həmçinin vurğulanıb ki, onların təmasda olduqları 17 nəfər təcrid edilib.  Hadisə işğal altında olan Laçın rayonu ərazisində baş verib. Qeyd edək ki, işğal olunmuş ərazilər koronavirusun tuğyan etməsi üçün əlverişli məkandır. Belə ki, separatçı rejimin nəzarət etdiyi ərazidə səhiyyə sistemi oduqca zəifdir. Həmçinin əhali ağır sosial durumdadır. Burada ən adi sanitar qaydalara belə əməl edilmir. 

Milli Məclisin deputatı Elman Nəsirov ilk növbədə qeyd etdi ki, koronavirusun qondarma rejimdə yayılması gözlənilən idi, çünki burada onun tüğyan etməsi üçün münbit şərait var: “Koronavirus pandemiyası Ermənistanda da geniş yayılıb.  Bu mənada virusun qondarma rejimdə yayılması da əslində tamamilə gözlənilən idi, burada təəccüblü heç nə yoxdur. Çünki Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusun daha geniş yayılması üçün olduqca münbit şərait var. Bunu edən Ermənistan rəhbərliyidir.  Təhlükə ilə bağlı olaraq dövlətlər fövqəladə vəziyyət elan edir, karantin rejimi tətbiq olunur, yoluxma üçün münbir şəraitin olmaması naminə insanların bir yerə toplaşması qadağan edilir”.

Deputat bildirdi ki, qondarma rejimdə keçirilən saxta seçkilər də pandemiyanın ora ayaq açmasına olduqca əlverişli şərait yaradıb: “Ermənistan rəhbərliyi bütün bunları qulaqardına vuraraq növbəti qanunazidd addıma gedib. Əslində, işğalçı dövlətin davranışı belə vəziyyətə gətirib çıxarmalı idi və çıxardı. İrəvan bütün dünyanın gözü qarşısında qondarma rejimdə saxta parlament və prezident seçkiləri keçirib və bu zaman əhalinin iştirakının təmin edilməsi üçün əldən-ayaqdan gediblər.  Hətta beynəlxalq təşkilatlara da dəvətlər göndərmişdilər, ancaq istəkləri gözlərində qaldı. Nəticədə qondarma seçki prosesində insanları kütləvi şəkildə iştiraka cəlb etmək cəhdləri koronavirusun işğal olunmuş ərazilərdə yayılması üçün olduqca münbit şəraiti təmin etdi. Ermənistan özü olduqca zəifdir. İqtisadi, siyasi, sosial sahələrdə ciddi böhran keçirir.  Bu mənada onun yaratdığı qondarma rejim daha pis vəziyyətdə olmalıdır. Bu tamamilə məntiqlidir”.

E. Nəsirovun fikrincə, olduqca məhdud iqtisadi və maliyyə resursları, zəif səhiyyəsi fonunda pandemiyanın qondarma rejim ərazisində yayılması sürətli hal alacaq: “Burada pandemiyanın yayılmasının qırmızı xətti keçəcəyi belə istisna deyil. Bütün bunun məsuliyyəti ilk növbədə İrəvan rəhbərliyi və onun yaratdığı qondarma rejimin üzərinə düşəcək. Burada beynəlxalq ictimaiyyətin də üzərinə müəyyən məsuliyyət düşür.  Çünki onlar bütün bu reallıqlar fonunda Ermənistana ciddi təzyiq və təsir mexanizmlərini işə salmırlar.  Bu isə işğalçıda arxayınlıq sindromu formalaşdırıb.  Ona görə də bütün dünya indiki halda kütləvi toplantılardan imtina etdiyi bir realıqda, işğalçı rejim qondarma seçkilər keçirir. Bu beynəlxalq ictimaiyyətə də bir çağırış olmalıdır ki, Ermənistan rəhbərliyinə qarşı təsirli təzyiq mexanizmlərini işə salsın”.

Politoloq onu da vurğuladı ki, koronavirusun yayılması ilə qondarma rejimin nəzarəti altında olan erməni əhalisi tək iqtisadi və sosial baxımdan əziyyət çəkməyəcək,  həmçinin həyatları belə təhlükə altına düşəcək: “İşğal ərazisində yaşayan ermənilər iqtisadi, sosial baxımdan onsuz da çarəsiz durumda idilər. Belə olan vəziyyətdə, qondarma seçkilərə getməklə ermənilər sağlamlıqlarını da ciddi təhlükəyə atmış oldular.  Test almağa maliyyə imkanları da yoxdur. Bu vəziyyətdə qondarma rejimdə realıqda virusa yoluxanların sayı həddən artıq çox olacaq. Orada bu yoluxma ədədi deyil, həndəsi silsilə ilə arta və nəticədə qondarma rejimdə həyəcan təbili çalına bilər. Dağlıq Qarabağın erməni əhalini bundan nəticə çıxarmalıdır. Nə qədər ki, onlar qondarma və işğalçı rejimin əsarəti altında qalacaqlar heç bir nicatları olmayacaq. Təkcə iqtisadi və sosial baxımdan əziyyət çəkməyəcəklər,  həmçinin həyatları belə təhlükə altına düşəcək”.

Rüfət NADİROĞLU