Hərbi aviasiya sahəsində Azərbaycandan düşmənə növbəti göz dağı

9 Aprel 2020 10:15 (UTC+04:00)

Azərbaycanla Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlıq inkişaf etməkdədir. İki ölkə arasında mövcud hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə olublar. Müdafiə Nazirliyindən mətbuata verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin üzvləri Rusiyanın Su-35 və MiQ-35 döyüş təyyarələrini istehsal edən hərbi zavodlarına baş çəkiblər. Rusiyanın qlobal silah bazarının liderlərindən biri olan “Rosoboroneksport” şirkətinin nümayəndələri və hərbi zavodların rəhbərliyi ilə keçirilən görüşlərdə ölkəmizin Rusiya istehsalı olan ən müasir döyüş təyyarələrinin alınmasında maraqlı olduğu bildirilib.

Nümayəndə heyətimizə təyyarələrin taktiki-texniki xüsusiyyətləri, döyüş qabiliyyəti, silahlanması, ümumilikdə aviasiya vasitələrinin istehsalı, istismarı və onlara texniki xidmət göstərilməsi barədə brifinqlər təqdim olunub. Rusiya tərəfi öz növbəsində Azərbaycana Hərbi Hava Qüvvələrimizin ehtiyaclarını ödəyəcək sayda döyüş təyyarələrinin təqdim edilməsinə hazır olduqlarını bildiriblər. Hərbi pilotlarımız Rusiyanın hərbi aviabazalarında MiQ-35 təyyarəsində praktiki uçuşlar yerinə yetirib. Görəsən, bu təyyarələrin alınması ölkəmizə hansı üstünlüklər vəd edir?

Politoloq Məhəmməd Əsədullayev bildirdi ki, Su-35 və MiQ-35-lərin alınması ilə Azərbaycan Ermənistan qarşısında özünün hərbi gücünü daha da artıracaq: “Rusiya dünya silah bazarında öz yerini qorumaq və yeni silahlarını satmaq üçün bazarlar axtarmaqdadır. Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində bu ölkədən 5 milyad dollardan artıq silah alıb. Su-35 və MiQ-35-lərlə bağlı məsələnin maraqlı tərəfi ondadır ki, Azərbaycana bu təklifi Rusiya özü edib. Bu bir tərəfdən, Rusiyanın indiki vəziyyətində daha çox silah satmaq niyyətindən irəli gəlir. Digər tərəfdən isə bu həm də Azərbaycanın nüfuza malik olmasının göstəricisidir ki, Moskva həmin təyyarələri almaq təklifində bulunub.

Azərbayacanın alternativ silah bazarı əldə etməsi və kifayət qədər maliyyə imklanlarının olması fonunda digər ölkələrdən qırıcı təyyarələr almaq istiqamətində işlərə başlaması ərəfəsində Rusiya ölkəmizə Su-35 və MiQ-35 qırıcılarını satışını təklif etdi. Rusiyanın bu təklifi Azərbaycan kimi maliyyə imkanlarına malik alıcısını itirməmək niyyətindən doğub. Azərbyacanın arsenalında olan MiQ-29  hərbi aviasiyası döyüş tələblərinə cavab versə də, aviasiya parkının yenilənməsi mütləqdir. Azərbaycan ABŞ -dan hərbi helikopterlər, İtaliyadan hərbi təlim məqsədləri üçün qırıcılar alır, Pakistandan da yeni qırıcılar alınması istiqamətində razılıq əldə edilib. Rusiyanın ölkəmizə satacağı Su-35 və MiQ-35 hərbi təyyarələri bu mənada  Ermənistana vurulan siyasi şapalaqdır.

Azərbaycan yeni qırıcılar əldə etməklə ilk növbədə Ermənistan qarşısında havada öz üstünlüyünü daha da artıracaq. Artıq Ermənistan başa düşməlidir ki, onun müttəfiqi yeni ən güclü qırıcısını Azərbaycana satır. Rusiya əvvəlki illərdən fərqli olaraq Azərbaycana satdığı bahalı və müasir silahları Ermənistana vermir. Onun əvəzində öz ordusunun işlənmiş silahlarını göndərir.

Beləliklə, Rusiyanın Azərbaycana yeni nəsil qırıcılarının ixracı Ermənistan hakimiyyətində tektonik sirkələnməyə gətirəcək. Azərbaycan bu silahları ambarda saxlamaq və təlimdə istifadə etmək üçün almır. Yeni geosiyasi bir mənzərə formlaşır və mütləq şəkildə silahlanma bizim öz ərazilərimizin azad olunmasına yönələcək. Azərbaycan Rusiyadan alacağı Su-35 qırıcılarının ilk sınağını Ermənistanın işğal olunmuş ərazilərində hərbi obyektlərini vurmaqla sınaqdan keçirməlidir”.

Hərbçi ekspert İbrahim Rüstəmli də qeyd etdi ki, Bakının Rusiyadan alacağı Su-35 və MiQ-35-lərlə ölkəmizin düşmən qarşısında hərbi imkanı birə beş artacaq: “Silah satışı sahəsində Rusiya bildiyiniz kimi dünyanın ön sıralarında gedən ölkələrdəndir. Digər tərəfdən, Rusiya yaxın qonşumuzdur.

Rusiya silah istehsalı və satışında ixtisaslaşmış bir ölkədir. Silah məsələsində də Rusiya Azərbaycanın ən yaxın müttəfiqlərindəndir. Bu təyyarələrin alınması hərbi manevrlər, döyüş əməliyyatları baxımından Azərbaycan üçün daha bir üstünlük deməkdir.  Deməli, bu fonda ölkəmizin düşmən qarşısında hərbi üstünlüyü daha da artacaq. Təmas xəttində manevr imkanlarımızın miqyası bir qədər də genişlənəcək, Silahlı Qüvvələrimizin uğur potensialı daha da artacaq. Belədə, Azərbaycanın Rusiyadan həmin təyyarələri alması düşmən ölkə ilə müqayisədə dövlətimizin hərbi imkanlarını birə beş artıracaq”.

Rüfət NADİROĞLU