Eşitmə və nitq qabiliyyəti olmayanlar üçün video portal istifadəyə verilib

10 Aprel 2020 12:04 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslər üçün video portal (www.surdotv.az) istifadəyə verilib.

Bu qəbildən olan şəxslərin informasiya əldə etmək hüquqlarının təmin olunmasında bərabər imkanların yaradılması məqsədinə xidmət edən layihə xüsusilə indiki dövrdə xüsusi karantin rejimi, sosial izolyasiya tədbirləri ilə əlaqədar #evdəqal çağırışına bir dəstəkdir.

Maraqlı TV veriliş və proqramlar, 70-dən çox milli və xarici film, 7 cizgi filmi, eləcə də bir çox məlumatlandırıcı və əyləncəli video materiallar, həmçinin koronavirusdan qorunma üsulları barədə məlumatlar surdo-tərcümə olunaraq www.surdotv.az video portalına yerləşdirilib. Bu da eşitmə və nitq qabiliyyəti olmayan şəxslərin internet üzərindən video məlumat almasına, dolğun informasiyalar əldə edərək cəmiyyətə inteqrasiya olunmalarına zəmin yaradır.

Məlumatlandırıcı və əyləncəli video materialların müvafiq formatda hazırlanaraq saytda yenilənməsi də təmin edilir və bununla bağlı, həmçinin hansı filmi, serialı və ya verilişi görmək istəklərini izləyicilər sayta yaza bilərlər.