İsti havalarda zəhərlənmələrdən necə qorunaq?

10 İyul 2013 13:52 (UTC+04:00)

  Yay gəldi. Bu mövsüm istirahət üçün ən gözəl vaxtdır. Uzun sürən qışdan, bütöv bir iş ilindən sonra çoxdan gözlənilən səmərəli yay istirahəti zamanı insanlar zövqlərinə uyğun, dadlı, ləzzətli təamlardan da vaz keçə bilmirlər. Lakin bunu da nəzərə almalıyıq ki, qidalanarkən keyfiyyətli ərzaqlardan istifadə etmək vacibdir.

 Məlumdur ki,insanlar yayda qışa nisbətən daha çox suya ehtiyyac duyurlar.Məhz buna görə də çox zaman dükanlarda, marketlərdə, açıq havada satılan sular və şirələrə müraciət edirlər.Lakin bunlar hər zaman keyfiyyətli olmur.Bundan necə qorunmalı və əsl malı saxta maldan necə ayırmalı?Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bəzi şirələr, tərxun, almalı və armudlu limonadların 80 faizi təxminən rəng və dadverici, bəzi kimyəvi maddələrlə hazırlanır: "Bunların 60 faizi heç bir standarta cavab vermir. Belə saxta içkilərə əsasən məşhur "İpək yolu" üzərində yerləşən restoranlarda və kafelərdə rast gəlmək mümkündür. Sərinləşdirici saxta içkilər şəhərimizdə yerləşən şadlıq saraylarında və restoronlarda da realizə olunur. Bütün sərinləşdirici brend içkilərin saxta variantları var. Çox zaman marketlərdə də belə saxta içkilərə rast gəlmək olur. Üstəlik açıq su satışı Azərbaycanda qadağan olunsa da, belə şirələrin satışı davam edir. Bəzən istehsalçıların özləri də bu saxtakarlığa yol verirlər. Təəssüf ki, Azərbaycanın su bazarının təmizlənməsi üçün heç bir iş getmir. Uzun müddət saxta "Yesentuki" suları barədə dövlət orqanlarına bizim tərəfdən məlumatlar verilib. Amma hələ ki, heç bir nəticə yoxdur".

  Eyyub Hüseynov saxta malı əslindən necə ayırd etmək barədə də danışdı: "Bu elə də asan iş deyil. Çünki əsl malla saxta malın arasında heç bir fərq yoxdur. Rəng, qabın oxşarlığı və qoxunun olmaması saxta ilə əsli ayırd etməkdə çətinlik yaradır. Əsl malı tanımaq üçün brendin özünü tanımaq lazımdır. Bəzən qapaqların üzərində istehlakçının adı və ya nişanəsi olur. Məsələn, "Qax" suyunun 5 və 6 cür variantı satışda var".

Yayda ən çox istifadə edilən tərəvəzlərdən biri qarpızdır.Açıq havada satılan qarpızlar zəhərlənmə üçün daha təhlükəlidir. Onlar günəş altında qaldıqda tərkibi dəyişir və sonda ağır zəhərlənməyə səbəb ola bilir. Bundan başqa, qarpız kəsildikdən sonra onu soyuducuda üstü açıq saxlamaq olmaz. Qarpızın üstü mütləq örtülməlidir. Qarpız uzun müddət soyuducuda saxlanılmamalıdır. 

Zəhərlənmələrin baş verməməsi üçün evdə xanımlar qidaların saxlanma şərtlərinə ciddi riayət etməlidirlər.

  Düzgün qidalanmaq və zəhərlənmədən qorunmaqla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Azərbaycanda bu sahədə ciddi boşluqlar var. Əgər bununla bağlı qanun layihəsi hazırlanmazsa, istehlakçıların hüquqlarının pozulmasının qarşısı alınmayacaq. "Əgər biz dünya ölkələri ilə Azərbaycanda baş verən zəhərlənmə hallarını müqayisə etsək görərik ki, kifayət qədər zəhərlənmə halları baş verir. Bütün bunların başlıca səbəbi Azərbaycan qida zəhərlənmələrinin qeydiyyatında ciddi problemlərin olmasıdır. Səhiyyə Nazirliyi orqanları qidalara heç bir baxış keçirtmədən bu qidalara gigiyenik sertifikatı verir. Halbuki bu heç də belə deyil. Təəssüf olsun ki, bu gün bu sahədə çox ciddi problemlər və boşluqlar var. Məsələn, Azərbaycanda tort istehsalında ciddi problemlər var. Bu gün tortlarda heç bir sertifikatlaşma prosesi getmir. Belə olduqda isə zəhərlənmə halları qaçılmazdır".

Eyyub Hüseynov onu da əlavə edib ki, hazırda zəhərlənmə hallarının konkret hansı qida ucbatından baş verməsini təyin etmək çətindir. AİB sədri bunun səbəbini də açıqladı: "Azərbaycanda zəhərlənmə olduqda bunun səbəbini öyrənmək də çətindir. Çünki insanlar zəhərləndikdə təcili tibbi yardıma müraciət edir. Təcili tibbi yardımın əməkdaşları isə bu vəziyyətdə mədəni yumaqla kifayətlənirlər. Bu vəziyyətdə isə zəhərlənmənin konkret hansı qidadan baş verməsini təyin etmək çətin olur".

Zəhərlənmədə ən aktual qida qarpız olsa da, yayda daha çox istifadə edilən və zəhərlənmə hallarının tez-tez rast gəlindiyi qidalar arasında balıq, göbələk, pomidor, dönər, dondurma və tort kimi məhsulları da göstərmək olar.

Həkimlər yayda balıq yeməklərindən uzaq durmağı məsləhət görürlər. Belə ki, tərkibi sink, zülalla zəngin bu qida yayda qəbul edildikdə gec həzm olunur və bu maddələr mədədə çox qaldıqda zəhərlənmə ilə nəticələnir.




Dondurmaya gəlincə, əslində bu qida heç də təhlükəli deyil. Hər kəsin sevdiyi dondurmalar o zaman təhlükəli ola bilər ki, tərkibi hədsiz konservant və rəngli maddələrdən ibarət olsun. Dondurma alarkən onun qatqısının az olmasına diqqət edin.













Pomidor yay yeməkləri sırasında kifayət qədər aktualdır. Amma pomidorların da müəyyən təhlükəsi var. Əgər pomidorun içində yaşıl rənglə qarşılaşırsınızsa, demək, bu, təhlükəlidir.













Şirniyyat hər zaman vazkeçilməz qidalardandır. Uşaqların sevimlisi olan bu qidalar həm yay, həm də qış aylarında təhlükəlidir. Dadı ilə cəlbedici olsa da, şirniyyat insan sağlamlığı üçün yalnız zərərlidir. Belə ki, qışda bir o qədər təhlükəli olmayan bu qidalar, yayda qəbul edildikdə ölümlə belə nəticələnə bilər. Yayda tort, şirniyyat qəbulu qan dövranını zəiflədir. Normadan çox qəbul edilən şirniyyat isə ağır nəticələr verə bilər.

Zəhərlənmənin əlamətləri hansılardır?

Zəhərlənmənin ilkin əlamətləri ürəkbulanma, halsızlıq, başağrısı və qızdırmadır. Zəhərlənmiş insanın qızdırması 38-40 dərəcə olur və xəstədə dəhşətli üşütmə başlayır.

Zəhərləndiyimizi hiss etdikdə ilkin olaraq nə etməliyik?

Zəhərləndiyinizi hiss etdikdə əsla özünüzü itirməyin. Ev şəraitində ambulator olaraq zəhərlənməni bu cür qarşılamaq olar: belə ki, bir litr ilıq qaynadılmış suya 1 çay qaşığı xörək duzu, 1 çay qaşığı çay sodası və 2 xörək qaşığı şəkər tozu qatmaq lazımdır. Qəbul edilən mayenin ümumi miqdarı 2-3 litrdən az olmamalıdır. Bunu qəbul edib mədənizi təmizləyə bilərsiniz. Əgər vəziyyətin daha ağır olduğunu hiss etsəniz mütləq həkimə müraciət etməlisiniz.

Sağlamlığımız bizim öz əlimizdədir. Odur ki, əgər zəhərlənmək və həkimə müraciət edərək yay istirahətinizi pozmaq istəmirsinizsə, qidalanmanıza diqqət etməyi unutmayın.

P.S. "Həftə içi" saytında gedən informasiyadan istifadə olunmuşdur