Azərbaycan koronavirusdan qurtulan ilk ölkələr arasında olacaq

10 Aprel 2020 15:08 (UTC+04:00)

“Azərbaycan koronavirusla lazımi səviyyədə mübarizə aparır və cənab Prezidentin qayğısını daim üzərində hiss edir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycan koronavirusla mübarizədə ən səmərəli fəaliyyət göstərən ölkələrdən biridir: “Cənab Prezident tərəfindən vaxtında sosial obyektlərin tikintisinə yüksək qiymət verilməsi, regionların sosial-iqtisadi inkişafı, xəstəxanaların və məktəblərin tikintisi hazırda bu problemlə mübarizədə gücümüzü artırır. Eyni zamanda sahibkarlığa dəstək, özəl klinika və laboratoriyaların açılması, hotellərin tikilməsi bu potensialdan da istifadəyə şərait yaradır. Bunun nəticəsidir ki, biz koronavirus xəstələrinin sayına görə ən əlverişli qrupdayıq. Həmçinin bu gün Azərbaycan pandemiya ilə mübarizədə yoluxma hallarının müəyyənləşməsi üçün ən çox test həyata keçirən ölkələrdən biridir. Prezident İlham Əliyevin bu məsələni diqqətdə saxlaması, vaxtında sərhədlərin bağlanması və gedişatın dayandırılması koronavirusun Azərbaycanda pandemiyaya çevrilməsinin qarşısını aldı”.

Aydın Mirzəzadə tibbi maska probleminin öz həllini tapdığını vurğulayıb: “İnkişaf etmiş ölkələr hazırda bu problemlə üzbəüzdür. Bir çox ölkələrdə xəstəliyin müalicəsi vətəndaşın şəxsi hesabına aparılır. Ancaq Azərbaycanda bu gün dövlətin resursları problemin həllinə yönəlib. Koronavirus təhlükəsi başlayan andan etibarən ölkədə 10-dan çox yeni laboratoriya tikildi, avadanlıqlar alındı. Bu gün COVID-19 virusunun müalicəsində hər hansı avadanlıq və ya tibbi preparat çatışmazlığı yoxdur. Tibbi maska problemi var idi. O da qısa vaxt ərzində yeni müəssisənin açılmazı ilə aradan qaldırıldı. Bugündən etibarən gün ərzində 120 min, yaxın zamanlarda isə günlük 200 min maskanın istehsalı nəzərdə tutulur. Bakı sakini kimi hər gün yaxınlıqdakı aptekdən növbəyə duraraq 2 maska alırdım. Dünən isə maraq naminə bir neçə aptekə yaxınlaşdım və hamısında kifayət qədər maskanın olmasına şahid oldum.

Görülən işlər öz nəticəsini verir. Vətəndaşlarımız dövlətin və cənab Prezidentin apardığı siyasəti dəstəkləyir. Xüsusi karantin rejiminin tələblərinin pozulması halları çox cüzidir. Ümid edirəm ki, Azərbaycan bu xəstəlikdən qurtulan ilk ölkələr arasında olacaq”.

Deputat dövlətin həyata keçirdiyi dəstək paketindən də söz açıb: “Nəzərə alsaq ki, xüsusi karantin rejimi müəyyən qurumlar istisna olmaqla, bütün iş yerlərinin bağlanmasını tələb edir, belə olan halda milyonlarla insan gündəlik qazancından və gəlirindən məhrum olur. Bu məsələ də diqqətdə saxlanıldı və nəinki işsizlər, həmçinin, iş yerlərini itirənlər belə dövlət tərəfindən bir aylıq müavinətlə təmin edildi. Onların qeydiyyata alınması üçün xüsusi sistem yaradılıb. Dünəndən etibarən ilk 10 min nəfərin kartına 190 manat vəsait köçürüldü. Əgər xüsusi karantin rejimi sonradan artırılarsa, həmin müavinətin verilməsi davam etdiriləcək. Həmçinin, insanlarımızın karantində saxlanması və testdən keçirilməsi dövlət hesabına olan məsələlərdir. Dövlət hesabına ictimai yerlərin, küçələrin dezinfeksiya edilməsi isə koronavirus xəstələrinin sayının artmasına ciddi səddir”.