Salyanda körpü çökdü - İcradan açıqlama

10 Aprel 2020 16:03 (UTC+04:00)

Salyan rayonunda Kərimbəyli kəndi ilə Cavadlı kəndini birləşdirən körpü çöküb.

Bu barədə Axar.az-a rayonun Kərimbəyli kənd sakinləri məlumat verib.

Onlar bildiriblər ki, təxminən 40 il əvvəl tikilən körpü bir müddətdir yararsız vəziyyətə düşüb:

"Körpü su kanalı üzərində iki kəndi birləşdirir. Bu körpü vasitəsilə Kərimbəyli və Cavadlı kəndi arasında gediş-gəliş təmin olunurdu. Bir müddət əvvəl körpü yararsız vəziyyətə düşmüşdü. Kənd sakinləri öz hesabına onu yenidən təmir etdilər. Ancaq ötən ilin dekabrında körpü yenə çökdü. Aidiyyəti qurumlara müraciət etsək də, problem hələ də həllini tapmayıb".

Məsələ ilə bağlı saytımıza açıqlama verən Salyan rayon icra başçısının müavini Rəşad Cəbrayılov bildirib ki, yaxın günlərdə körpünün tikintisinə başlanılacaq:

"Sözügedən körpünün layihəsi hazırdır. Yaxın günlərdə körpü əsaslı şəkildə yenidən tikiləcək. Tikinti işlərinə 1-2 gün ərzində başlanılması planlaşdırılır".