LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

11 Aprel 2020 08:50 (UTC+04:00)

Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən strategiya nəticəsində son illər böyük uğurlara imza atıb. Açıq hökumət prinsipləri, daim bu strategiyanın ayrılmaz hissəsi olaraq dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutub. Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə də öz töhfəsini verib və “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olub.
Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən və Birləşmiş Millətlər Təşkilatının 2015-ci il “Dövlət Xidmətləri Mükafatına” layiq görülmüş innovativ “ASAN xidmət” modeli bu yanaşmanın uğurlu nümunəsidir. Açıq hökumət prinsiplərindən biri olan, ictimai iştirakçılığın genişlənməsi üçün qanunvericilik bazasını formalaşdıran “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və icrası dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin müzakirəsində və dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının daha sıx iştirakını təmin edib.
Azərbaycan 2019-ci il üzrə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 148 ölkə arasında 57-ci yeri, Dünya Bankının “Doing Business” hesabatında isə 25-ci yeri tutub. Dövlət orqanları tərəfindən açıq hökumətin təşviqi üzrə həyata keçirilən layihələr və təşəbbüslər prioritet müəyyən edilib, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilib. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilir və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilməkdədir. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlamış və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb.
“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsi və nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üçün mövcud güclü siyasi iradənin növbəti göstəricisi olub. Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti üzvlərinin fəal iştirakı ilə hazırlanıb və çoxsaylı ictimai dinləmələrdə müzakirə edilib. Proqramla Vergilər Nazirliyi və digər qurumlar qarşısında müəyyənləşdirilmiş vəzifələrdən biri də sahibkarlar üçün daha liberal, şəffaf mühitin formalaşdırılması idi. 
Xatırladaq ki, son illər qəbul olunmuş bir sıra dövlət proqramlarında, imzalanmış fərman və sərəncamlarda sahibkarların məlumatlandırılması işinin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi ön plana çəkilir. Ölkə başçısının 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 1-ci maddəsinə əsasən, şəffaflığın artırılması və açıq hökumətin təşviqi baxımından informasiya əldə edilməsinin asanlaşdırılması nəzərdə tutulub. Fəaliyyət Planının 2-ci maddəsində dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi zərurəti önə çəkilib. Bu məqsədlə dövlət orqanlarının öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi; dövlət orqanlarının öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması; dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi; və digər mühüm tədbirlər təmin edilib. 
Son illər sahibkarların məlumatlandırılması istiqamətində həyata keçirilən mühüm layihələrdən biri də universal telefon-məlumat xidmətinin yaradılması olub. Xatırladaq ki, Nazirlər Kabinetinin 2013-cü il 28 oktyabr tarixli sərəncamına əsasən, Vergilər, Maliyyə, Ədliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə Dövlət Gömrük Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə edəcək «Sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzi»nin yaradılması nəzərdə tutulmuşdu. Belə bir mərkəzin yaradılmasında başlıca məqsəd sahibkarlara göstərilən dövlət dəstəyinin səmərəliliyinin artırılması, dövlət və sahibkarlar arasında münasibətlərin yaxşılaşdırılması və sadələşdirilməsi, fiziki və hüquqi şəxslərin vahid mənbədən məlumat almalarının təmin olunması, əhali arasında hüquqi maarifləndirilmə işinin səviyyəsinin yüksəldilməsidir. 
Xatırladaq ki, Vergilər Nazirliyinin «195» Çağrı Mərkəzi ilk dəfə 2003-cü ilin sonundan sahibkarların məlumatlandırılması və müraciətlərinin qəbulu məqsədilə yaradılıb, Bakı şəhərini əhatə etməklə fəaliyyətə başlayıb. 2006-cı ilin may ayından mərkəzin əhatə dairəsi genişləndirilib, respublikanın bütün regionlarından gələn sual və müraciətlərin qəbulunu həyata keçirib. 2014-cü ilin noyabr ayında Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu tərəfindən audit keçirilib və bunun nəticəsində sorğu mərkəzlərinin idarəetmə sistemi üzrə vahid Avropa standartını müəyyən edən «Austrian Standards plus» təşkilatı tərəfindən Vergilər Nazirliyinin Çağrı Mərkəzinə "EN-15838" standartlarına uyğunluq barədə verilən sertifikat yenilənib.
2015-ci ilin fevral ayından Vergilər, Maliyyə, İqtisadiyyat, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən «195» Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Çağrı Mərkəzi iqtisadi qanunvericilik və onun tətbiqi, təqdim edilən elektron xidmətlər barədə operativ, düzgün, vergi orqanlarına gəlmədən məlumat verilməsini, vergi qanunvericiliyinin pozulması halları barədə müraciətlərin qəbulunu təmin edib. Sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, vergilər, rüsumlar və sahibkarları maraqlandıran digər məsələlər barədə məlumat almalarını təmin etmək məqsədilə «195» Universal Çağrı Mərkəzi və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlər vahid telefon-məlumat xidmətinə inteqrasiya olunublar. Respublikanın istənilən regionundan stasionar nömrələrdən birbaşa «195» nömrəsinə edilən zəng, eləcə də Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsiz həyata keçirilir.
2020-ci ilin son üç ayında «195» Universal Çağrı Mərkəzi tərəfindən vergi ödəyicilərinin və vətəndaşların həm avtomatik, həm də canlı rejimdə fəaliyyət zamanı müfəttiş-operatorlar tərəfindən müraciətləri cavablandırılıb, onların ərizə, şikayət və məlumat xarakterli müraciətləri qəbul olunub, vergi ödəyiciləri mesaj xidməti vasitəsilə məlumatlandırılıb. Bununla yanaşı, mərkəz tərəfindən gücləndirilmiş elektron imzaya, o cümlədən «Asan imza»ya dair müraciətlərin cavablandırılması təmin edilib. Çağrı Mərkəzində «Asan imza» vasitəsilə əməliyyatların aparılması təmin edilib. 
Qeyd edildiyi kimi, «195» Universal Çağrı Mərkəzi 2015-ci ildə fevralın 4-dən əhalinin, o cümlədən sahibkarların suallarının operativ və keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb. Hazırda onun xidmətlərindən istifadə etmək üçün birbaşa 195 nömrəsinə zəng edərək, səsli menyunun köməkliyi ilə və ya müvafiq düymələrdən birini seçərək birbaşa Vergilər, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Gömrük Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət edilə bilər.
Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə biznes mühitinin daha da liberallaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də sahibkarların müvafiq dövlət qurumlarından məlumat əldə etmək imkanlarının genişləndirilməsidir. Özəl sektorun təmsilçiləri ilə daha sıx təmasda olan, onlara müxtəlif xidmətlər göstərən nazirlik, komitə, xidmət və agentliklər bu məqsədlə fəaliyyətlərində mütərəqqi yenilikləri nəzərə alır, informasiya-kommunikasiya texnologiyalarının ən son yeniliklərin, o cümlədən, “e-xidmətlər”in geniş tətbiqinə nail olmağa çalışırlar. 

S.ELMANOĞLU