Radikalların rəqsinin havası yenə xaricdə çalınır

11 Aprel 2020 07:01 (UTC+04:00)

 

Adətən aprel ayı təbiətin oyanmasının qızğın çağıdır. Ağacların al-əlvan çiçəkləri dünyanın panoramını daha da gözəlləşdirir, insanların qanı qaynayır, bəşər övladı daha çox işləmək, yaratmaq, yaşamaq eşqi ilə çoşub daşır. Amma çox təəssüf ki, belə bir oyanma heç də həmişə cəmiyyətin irəliləməsinə xidmət etmir. Çünki yer üzünün bütün sakinləri eyni xarakterə, eyni insanlığa, eyni arzulara malik deyil. Ağı qara görənlər, ləyaqəti qorxaqlılq sayanlar, humanizmi əfəllik kimi qavrayanlar kifayət qədərdir. Lap bizim Əli Kərimli və Cəmil Həsənli kimi. Biri bolşeviklər kimi qırmızı, digəri üləma kimi alimi-biəməldir. Qoyasan, elə böhtan və şərlə keflərini açalar. Azərbaycan da daxil olmaqla bütün dünyanın başının qarışdığı, daha doğrusu, mübarizə apardığı indiki dövrdə bunlar qol açıb şıdırğı oynayırlar. Yalnız ona görə ki, xaricdən kimlərsə bunlara əl çalıb “bravo” deyəcək, lap bolşeviklərin “maladesi” kimi. Fərq ondadır ki, bolşeviklər medal verirdi, xaricilər qrant verirlər.

Bəli, koronavirusa qarşı Azərbaycan iqtidarının xalqla birlikdə apardığı mübarizə radikalların sümüyünə düşmür, nədəndir ki, ölkədə birlik daha da güclənir. Əli kərimlilər və cəmil həsənlilər isə bu birlikdən getdikcə daha da uzaqlaşırlar. Başqası olsaydı, mənsub olduğu xalqdan uzaqlaşmağa görə vaynössə qoparardı. Bunlar isə oynayırlar, çünki utanmırlar. Oynamaqlarının məzmunu ondan ibarətdir ki, “COVİD-19”-a qarşı Azərbaycan hökumətinin gördüyü tədbirləri pisləyirlər. Buna görə də  parlamentin iclasında deputat Siyavuş Novruz xaricdə oturub Azərbaycan əleyhinə kampaniya aparan şəxslərdən danışıb: “Amerikada oturan Sevinc Osmanqızı və Cəmil Həsənli utanmasa deyər ki, dünyada koronavirusu Azərbaycan aparır. Qənimət Zahid oturub Fransada deyir, Azərbaycanda koronavirusa qarşı mübarizə aparılmır. Amma görülən işlər göz önündədir. Azərbaycan əleyhinə kampaniya aparan şəxslərin adlarını demək lazımdır. Orada oturub o ölkənin hüquq-mühafizə orqanlarının qaydalarına ikiqat əməl edirlər. Onlara ağıl verən də Əli Kərimli və onun dəstəsidir. Azərbaycanda əhali nə qədər çətinlik çəksə, onlar üçün bir o qədər toy-bayram olar. Bunu istəyən bir Ermənistandır, bir də həmin adamlar. Bunlar Azərbaycan iqtidarına yox, dövlətə və xalqa qarşıdırlar. Buna görə də onlarla bizim söhbətimiz konkret olmalıdır”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin dünən keçirilən plenar iclasda deyib. “Bizim birliyimiz Azərbaycanı istəməyən qüvvələrə təsir edir. Siyavuş Novruzovun fikri ilə razıyam, onlar utanmasalar deyərlər ki, koronavirusu dünyaya Azərbaycan hökuməti yayıb. Əli Kərimli, Cəmil Həsənli və s. Azərbaycanın düşmənləridir. Azərbaycan xalqı həmişə Prezident ətrafında sıx birləşməlidir. Hamı qanuna tabe olmalıdır”, - deputat əlavə edib.

Düz sözə nə deyəsən? Ümumdünya Səhiyyə Təşkilatı, bir sıra dövlətlər virusa qarşı mübarizədə Azərbaycanın təcrübəsinin öyrənilib yayılmasını tövsiyə edir, Əli Kərimli və Cəmil Həsənli bu işləri inkar etməklə məşğuldur. Məqsəd nədir? Təbii ki, həmişə olduğu kimi bu dəfə də təbii fəlakətdən yararlanmaq istəyirlər. Ona görə ki, siyasi fəaliyyətdə uduzurlar, bacarmırlar, Azərbaycan iqtidarının artan nüfuzu qarşısında əriyən bu adamların görə biləcəkləri iş yalnız budur. Hətta hakimiyyət onlara əlini uzadıb bataqlıqdan çıxarmağa çalışsa da, onlar əllərini geri çəkirlər. Çünki bilirlər ki, həqiqi iş çətindir. Bundan ötrü bacarıq və cəsarət lazımdır. Buna görə də özləri üçün asan yolu seçirlər: böhtan atmağı. Amma anlaya bilmirlər ki, bu yolla vətəni, dövləti, mənsub olduqları xalqı itirirlər.

N.NOVRUZ