Ermənilər göz yaşlarını silməyə dəsmal da tapmayacaqlar

11 Aprel 2020 07:12 (UTC+04:00)

 

İrəvan hakimiyyəti problemlər içində itib-batır. Koronavirusa qarşı mübarizə üçün vəsait tapmayan hökumət yardım üçün varlı-hallı ölkələrə yalmanmaqla mübarizə strategiyası qurur.

Ermənilərin ayrı əlacları da yoxdur, əgər buna strategiya demək mümkünsə. Rusiyaya edilən müraciətə görə Moskva bu ölkəyə hərbi mütəxəssislər göndərib. Halbuki əhalinin tibbi ləvazimatlara və  pul vəsaitinə ehtiyacları var. Amma İrəvanın gözünü dikdiyi ağasından bundan artığını gözləməyə dəyməz. Çünki Rusiyanın özünün vəsaitə və tibbi əşyalara ehtiyacı böyükdür. Ona görə ki, hazırda ölkədə koronavirusun yayıldığı pik dövrdür.

Amma bir paralellik var ki, Rusiyada vəziyyət pisləşdikcə, Ermənistanda da vəziyyət sürətlə pisləşir. Hətta, obrazlı ifadə olunsa, ölkə enişə doğru sürətlə yumalanır. Səbəb budur ki, ermənilərin 70-80 faizi Rusiyada nökərçilik etməklə ailəsini saxlayır. İndi virusla əlaqədar karantin dövrü olduğundan  bu ölkədə də əksər iş yerləri bağlanıb. Əhali öz canının hayındadır. Buna görə də ermənilər heç nə qazana bilmirlər, qazanc yoxdursa, demək, ailəyə pul göndərmək də təxirə düşüb.

Ermənistanda isə görüləsi bir iş olmadığından oturub Rusiyada “qastarbayterlik”lə məşğul olan həmvətənlərinin iflasından doğan nəticələri öyrənirlər. “News.am” saytının təhqiqatına görə koronavirus Ermənistanı hər gün təkcə Rusiyadan göndərilən orta hesabla 3 milyon dollar pul baratlarından məhrum edib. Bu rəqəmi ay üzrə götürəndə 150 milyon dollar, illik isə 1,8 milyard dollar, yəni 144 milyard dram edir. Bu, yalnız əmək miqrantlarının göndərdiyi vəsaitin həcmidir. Bəs, Rusiyadakı erməni əsilli vətəndaşların və erməni milyarderlərin göndərdikləri? Bu çox böyük məbləğdir və indi Ermənistan bu vəsaitdən məhrum olub. Hökumət nə edəcəyini götür-qoy etməyə çalışsa da, bir nəticəyə gələ bilmir.

Məsələ burasındadır ki, indi əmək miqrantlarının özlərinin başı bəladadır, o ki ola Ermənistanda yaşayanlar. Nikol Paşinyan hökumətinin iqtisadi strateqləri isə gələcək halda fantastik planlar qurub xalqı aldatmağa çalışırlar. Erməni iqtisadçılar nəhəng ABŞ-la bəhsləşməyi, nə qədər gülməli olsa da, özlərinə rəva görürlər. Prezident Trampın iqtisadi resurslardan isrifadə barədə sonuncu əmri erməniləri dingildədir. Ermənilər anlayırlar ki, postkoronavirus dövrü tamamilə yeni iqtisadi xarakter alacaq, iqtisadi rəqabət kəskinləşəcək. Təbii ki, bu proses siyasətsiz və silahlı qarşıdurmasız ötüşməyəcək. İndi ermənilər baş sındırırlar ki, bu yeni dünyada öz yerlərini necə tapsınlar. Sual olunur: 2 milyonluq əhalisinin çörək pulunu güclə çatdıran cırtdan bir ölkə dünya nəhənglərinin savaşında hansı rolu oynaya bilər?

Məsələ burasındadır ki, Amerika prezidentinin qərarı kosmik fəzaya bağlıdır. Yerdə düz-əməlli yeriyə bilməyən ermənilərin bu sevdaya düşməsi “ac toyuğun yuxuda darı görməsi” kimi bir şeydir. Baş nazir Paşinyan, guya, “ayağını yorğanına görə uzadaraq” yeni dünyanın yenidən qurulacaq 3 trilyon dollarlıq ərazisinin 30 milyard dollarlıq iqtisadi məkanında yer tutmağa iddia edir. Bu da iqtisadi blokadada qalan Ermənistan üçün fantastik bir arzu olaraq qalacaq. Erməni ekspertlər bildirirlər ki, Ermənistan qarşıdan gələn geostrateji mübarizə dövründə müharibə meydanına çevrilməməyə nail ola bilsə, böyük işdir. İqtisadi rəqabət isə Ermənistan üçün deyil, yalnız ona görə ki, buna gücü çatmaz. 

Hələlik isə koronavirus problemini həll etmək üçün Ermənistana xaricdən gələn yardımların azalmasının,  xarici ticarətin sürətlə zəifləməsinin qayğısına qalmaq gərəkdir. Hökumət hələ də müəyyənləşdirə bilməyib ki, pandemiyanın aradan qaldırılması üçün lazım olan 500 milyon dollar vəsaiti haradan tapacaq. Vaxt isə gözləmir, koronavirusa yoluxan xəstələrin sayı artır. Aprelin axırına bu xəstələrin sayının 4000-ə yüksəlməsi proqnozlaşdırılır. Demək, lazım olan vəsaitin miqdarı da artacaq. Beləgörünür ki, iqtisadi tənəzzül bu ölkədə qaçılmazdır və yeni iqtisadi dövr ermənilər üçün yalnız siyasi hakimiyyətin problemlər içərisində boğulduğu dövr olacaq.

N.NOVRUZ