Postpandemiya dövründə Azərbaycanın iqtisadi inkişafında mühüm yeniliklər olacaq

11 Aprel 2020 10:06 (UTC+04:00)

Hazırda bütün dünya bəşəriyyəti bürüyən koronavirus pandemiyasına qarşı mübarizə aparır. Eyni zamanda, dünya ölkələri, o cümlədən Azərbaycan postpandemiya dövrü üçün zəruri olan tədbirləri də həyata keçirirlər. Burada əsas məsələ postpandemiya dövründə iqisadiyyatda daha sürətli inkişafa nail olmaqdan ibarətdir. Bu məqsədlə Azərbaycanda da hökumət tərəfindən Tədbirlər Planı hazırlanıb. Hökumət bu planda bir neçə məsələni diqqət mərkəzində saxlayıb.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, postpandemiya dövründə Azərbaycanın iqtisadi inkişafında mühüm yeniliklər gözlənilir: “Postpandemiya dövründə  Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritetləri sırasında dağ-mədən, neft-kimya sənayesi, tikinti, habelə rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sektorları əsas yerləri tutacaq. Şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Bütün bunlarla bərabər, yeni özəlləşdirmə proqramı da hazırlanacaq.
Postkorona dövründə tikinti həm yeni dəyər, həm də məşğulluq yaradan, eləcə də multiplikativ səmərəliliyilə digər sahələrə müsbət təsir göstərəcək mühüm sahə kimi nəzərdən keçirilir. İnşaat sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası yaradılması da gündəmdədir. Bu qurum tərəfindən investorların iştirakı ilə yeni strateji layihələrin uğula reallaşdırılacağı  gözlənilir.
Postkorona dövründə tikintiyə önəm verilməsi təsadüfi deyil. Belə ki, pandemiyadan sonrakı mərhələdə inşaat sektorunun yenidən sürətli inkişaf tempini təmin etmək iqtisadi inkişafın dayanıqlılığını reallaşdırmaq məqsədi daşıyır. Məhz elə buna görədir ki, hökumət hazırda postpandemiya dövrü ilə əlaqədar qabaqlayıcı addımlar atır. Bu baxımdan tikinti sektorunda ipoteka kreditləşməsinin stimullaşdırılmasına xüsusi diqqət yetirilir”.
İqtisadçı ekspert Rəşad Həsənov da qeyd etdi ki, postpandemiya dövründə iqtisadiyyatın idarəedilməsində mütləq mənada müəyyən dəyişiklilər olacaq: “Fikrimcə, dünya səviyyəsində qloballaşma istiqamətində meyllər daha da güclənəcək. Bu prosesdə Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə qurumları müəyyən qədər aktiv iştirak edəcək. Belədə postpandemiya dövründə qloballaşma meyli daha da güclənəcək. Təbii ki, iqtisadiyyatda bu fonda yeni yanaşmalar ortaya çıxacaq. Bu da ölkələrarası münasibətlərə də müəyyən qədər təsir göstərəcək. Bəzi ölkələrdə yerli tələbatın daxili istehsal hesabına ödənilməsi istiqamətində çağırışlar yaranıb. Azərbaycan da böyük ehtimalla bu çağırışlara qoşulacaq.  Azərbaycana gəldikdə, postpandemiya dövründə iqtisadi inkişafda vəziyyətin o qədər də  ciddi dəyişməcəyini demək olar. Aktiv iqtisadiyyat yaratmaq, bunun üçün müvafiq institutları formalaşdırmaq çağırışları artıq intensivləşib”.
Rüfət NADİROĞLU